Odlar Yurdu Universitetində Tələbə Həmkarlar Təşkilatının nəzdində fəaliyyət göstərən “Yazarlar Klubu”nun təşkilatçılığı ilə Azərbaycanın repressiya qurbanı olmuş görkəmli yazarlarının xatirəsinə həsr olunmuş “Repressiya Qurbanları” adlı mənalı tədbir keçirilmişdir. Bu tədbir, həm tarixi yaddaşın qorunması, həm də tələbələrin yaradıcı və vətənpərvər ruhda yetişdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış, daha sonra repressiya qurbanı olmuş maarifpərvər yazarlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbir çərçivəsində repressiya dövrünün ağrılı gerçəkliklərini əks etdirən videorolik nümayiş etdirilmiş, tamaşaçılara tarixi bir baxış bucağı təqdim olunmuşdur.
Tələbə Həmkarlar Təşkilatının sədri Həsən Qurbanlı çıxış edərək tədbirin məqsəd və məramından bəhs etmiş, Odlar Yurdu Universitetinin gənclərinin milli-mənəvi dəyərlərə bağlı yetişdirilməsinin əhəmiyyətini vurğulamışdır.
Daha sonra universitetin istedadlı tələbələri Azərbaycan ədəbiyyatının böyük nümayəndələri – Hüseyn Cavid, Mikayıl Müşfiq, Cəfər Cabbarlı, Əhməd Cavad və Əli Yusif haqqında məzmunlu çıxışlar etmiş, onların həyat və yaradıcılığındakı ideya dərinliyi haqqında fikirlərini bölüşmüşlər. Aynur Kərimova, Nigar İsmayılova, Xoşqədəm Məmmədova, Sama Hacıbalayeva və Sofiya Ağayeva kimi fəal tələbələr çıxışları ilə yadda qalmışlar.
Tədbir musiqi nömrələri ilə daha da zənginləşdirilmişdir. İstedadlı tələbələrdən Səməd Muradov “Yaşa məhəbbətim”, Rahilə Dadaşova isə “Çırpınırdı qara dəniz” mahnılarını böyük hisslərlə ifa etmişlər.
Tədbirin ən təsirli hissələrindən biri isə tələbələrin ifasında təqdim olunmuş “Sükutun səsi” adlı bədii kompozisiya olmuşdur. Bu səhnə nümayişi repressiya illərinin acı gerçəkliklərini tamaşaçılara sarsıdıcı bir duyğusallıqla çatdırmışdır.
Sonda Humanitar təhsil və Dillər fakültəsinin dekanı, hörmətli Nuridə xanım Muxtarızadə çıxış edərək tədbirin yüksək səviyyədə təşkil olunmasını təqdir etmiş, tələbələrin milli ruhda tərbiyə olunmasının Odlar Yurdu Universitetinin təhsil strategiyasında önəmli yer tutduğunu vurğulamışdır.
Odlar Yurdu Universitetinin istedadlı tələbələrinin fəal iştirakı və dərin mənəvi yanaşmaları ilə yadda qalan bu tədbir, gənclərin ədəbi irsimizə, tariximizə və şəxsiyyətlərimizə olan böyük hörmətinin təcəssümü olmuşdur.