Odlar Yurdu Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə gənc şair, Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, ARB telekanalının efir redaktoru Səddam Laçınla maraqlı və yaddaqalan görüş keçirilmişdir.
Tədbir Odlar Yurdu Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Həsən Qurbanlının açılış nitqi ilə başlamışdır. O, görüşün məqsədi və əhəmiyyəti barədə danışmış, tələbələrin ədəbi-mədəni mühitdə fəal iştirakının vacibliyini vurğulamışdır.
Daha sonra Komitənin tələbələrlə iş üzrə sədr müavini Asif Gülalıyev çıxış edərək tədbirin təşkilindən, bu tip görüşlərin tələbələrin yaradıcı inkişafına göstərdiyi müsbət təsirdən bəhs etmişdir.
Tədbirin əsas qonağı, müasir Azərbaycan poeziyasının istedadlı nümayəndələrindən olan gənc şair Səddam Laçın çıxışında poeziyaya gəlişindən, həyat və yaradıcılıq yolundan danışmış, ilham mənbələrini bölüşmüş və şeirlərindən nümunələr səsləndirmişdir. Tələbələrin verdiyi suallar maraqlı müzakirəyə səbəb olmuş, şair ünvanlanan sualları səmimiyyətlə cavablandırmışdır.
Tədbir çərçivəsində Odlar Yurdu Universitetinin Tələbə Elmi Cəmiyyətinin sədr müavini Nigar İsmayılova da çıxış edərək ədəbi görüşlərin əhəmiyyətini vurğulamış və bu cür tədbirlərin davamlı olmasının vacibliyini qeyd etmişdir.
Görüşün sonunda Humanitar, təhsil və dillər kafedrasının dekanı Nuridə Muxtarzadə çıxış edərək gənc şairə təşəkkürünü bildirmiş, tədbirin tələbələr üçün əhəmiyyətini yüksək qiymətləndirmişdir.
Daha sonra “Yazarlar” klubunun idarə heyətinin üzvü, “Qorunan ruhlar” kitabının müəllifi Aytən Kərimova görüşlə bağlı təəssüratlarını bölüşmüş və müəllifi olduğu kitab haqqında məlumat vermişdir.
Görüş Odlar Yurdu Universitetinin tələbələri tərəfindən böyük maraqla qarşılanmış, poeziyaya və bədii sözə olan marağı daha da artırmışdır.