Odlar Yurdu Universitetində “Konstitusiya və Suverenlik” ili çərçivəsində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Azərbaycanın taleyini dəyişən zəfər tarixi” adlı konfrans təşkil olunmuşdur.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. Ardınca Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini əks etdirən və tələbələrimiz tərəfindən hazırlanan videoçarx nümayiş etdirilmişdir.
Konfransda giriş sözü ilə çıxış edən OYU-nun Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dos. Qabil Qafarov Milli Qurtuluş Gününü müasir Azərbaycanın siyasi sabitliyinin, milli həmrəyliyinin və inkişaf yolunun əsasını qoyan taleyüklü bir mərhələ kimi dəyərləndirmişdir. O, Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasının tarixi əhəmiyyətini vurğulayaraq, gənclərin bu ideallara sadiq qalmasının və onları yaşatmasının cəmiyyətin gələcəyi baxımından mühüm olduğunu bildirmişdir.
Daha sonra müxtəlif ixtisaslarda təhsil alan tələbələr çıxış edərək Milli Qurtuluş Gününün tarixi və mənəvi dəyərindən bəhs etmişlər. Onlar 1993-cü ilin iyun hadisələrinin Azərbaycan dövlətçiliyinin taleyində oynadığı həlledici rolu vurğulamış, xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin müdrik və qətiyyətli siyasətinin ölkəni xaosdan xilas edərək sabitlik və inkişaf yoluna çıxardığını qeyd etmişlər. Tələbələrin çıxışlarında müstəqilliyin qorunması, dövlətçiliyə sədaqət və Ümummilli Liderin ideyalarına dərin ehtiram hissi aydın şəkildə əks olunmuşdur.
Konfransın yekununda universitetin ictimai-mədəni həyatında fəallığı ilə seçilən tələbələr səmərəli fəaliyyətlərinə görə sertifikatlarla təltif olunmuşdur.