Odlar Yurdu Universitetində 2025–2026-cı tədris ilinə təntənəli şəkildə start verildi

15 Sentyabr, 2025

Odlar Yurdu Universitetində 2025–2026-cı tədris ilinə təntənəli şəkildə start verildi

15 sentyabr 2025-ci il tarixində Odlar Yurdu Universitetində 2025–2026-cı tədris ilinin açılış mərasimi təşkil olunmuşdur.
Əvvəlcə tədbir iştirakçıları salamlanmış və mərasimin rəsmi hissəsi elan edilmişdir. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.

Tədbirdə açılış nitqi ilə çıxış edən Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev universitetin yeni tədris ili münasibətilə tələbə və professor-müəllim heyətini səmimi-qəlbdən təbrik etmişdir. Cənab rektor öz çıxışında vurğulamışdır ki, Odlar Yurdu Universiteti yalnız biliklərin ötürüldüyü bir məkan deyil, eyni zamanda elmi araşdırmaların, innovativ təşəbbüslərin və milli-mənəvi dəyərlərin inkişaf etdiyi nüfuzlu ali təhsil ocağıdır. O, tələbələri elmə və biliyə dərindən yiyələnməyə, intellektual potensiallarını üzə çıxarmağa və müasir dünyanın çağırışlarına cavab verə biləcək mütəxəssis kimi yetişməyə dəvət etmişdir.

Daha sonra söz Odlar Yurdu Universitetinin İdarəetmə Şurasının sədri, millət vəkili, professor Samir Vəliyevə verilmişdir. Professor Samir Vəliyev çıxışında tələbələri yeni tədris ili münasibətilə təbrik etmiş, ali təhsil yolunun böyük məsuliyyət və şərəf olduğunu vurğulamışdır. O, qeyd etmişdir ki, qloballaşan dünyada yalnız yüksək peşəkar hazırlığa, geniş dünyagörüşə və vətənpərvər düşüncəyə malik gənclər uğur qazana bilər. Bu baxımdan Odlar Yurdu Universitetinin əsas strateji məqsədi əmək bazarının tələblərinə cavab verən, liderlik keyfiyyətlərinə malik, dövlətinə və xalqına sədaqətli mütəxəssislərin yetişdirilməsidir.

Açılış mərasimi yekunlaşdıqdan sonra TGT, THİK və TEC nümayəndələrinin müşayiəti ilə yeni qəbul olunmuş tələbələr qrup şəklində auditoriyalara yola salınmış və gün ərzində universitetin həyatı ilə bağlı tanışlıq proqramı həyata keçirilmişdir.

Beləliklə, Odlar Yurdu Universitetində 2025–2026-cı tədris ilinə böyük ruh yüksəkliyi ilə başlanılmışdır.