Odlar Yurdu Universitetində 27 sentyabr – Anım Günü münasibətilə “Azərbaycanın taleyini dəyişən tarix” adlı konfrans təşkil olunmuşdur.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanmış, daha sonra isə Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Konfrans çərçivəsində 27 sentyabr Anım Gününə həsr olunmuş videoçarx nümayiş etdirilmiş, ardınca isə söz Odlar Yurdu Universitetinin İdarəetmə Şurasının sədri, millət vəkili, professor Samir Vəliyevə verilmişdir.
Professor Samir Vəliyev çıxışında bildirmişdir ki, 27 sentyabr Azərbaycan tarixində dönüş nöqtəsi olmuşdur. Onun sözlərinə görə, Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfər Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin müdrik rəhbərliyi, xalqımızın sarsılmaz birliyi və Azərbaycan Ordusunun igidliyi sayəsində mümkün olmuşdur. O, həmçinin vurğulamışdır ki, şəhidlərin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulacaq və onların qəhrəmanlığı gənc nəslin milli ruhda tərbiyəsi üçün ən ali örnək olmuşdur.
Çıxışında əlavə olaraq, professor Samir Vəliyev qeyd etmişdir ki, Vətən müharibəsində əldə edilmiş qələbə yalnız torpaqlarımızın azad olunması ilə məhdudlaşmamış, eyni zamanda xalqımızın milli qürurunun, sarsılmaz iradəsinin və yenilməz ruhunun təcəssümünə çevrilmişdir. O, bu tarixi Zəfərin ölkəmizin gələcək inkişafı, bölgədə sülhün və sabitliyin möhkəmlənməsi baxımından da mühüm əhəmiyyət daşıdığını xüsusi qeyd etmişdir.
Konfrans çərçivəsində tələbələr də çıxış edərək şəhidlərimizin qəhrəmanlığından, Vətən müharibəsinin tarixi əhəmiyyətindən və Azərbaycanın qazandığı Zəfərin milli həmrəylik nümunəsinə çevrilməsindən bəhs etmişlər. Onların çıxışlarında gənclərin dövlətə, bayrağa və milli dəyərlərə sarsılmaz sədaqəti aydın hiss olunmuş, şəhidlərin xatirəsinə göstərilən ehtiram böyük duyğularla ifadə olunmuşdur. Tələbələr, eyni zamanda, bu qəhrəmanlıq ənənəsinin gələcək nəsillər tərəfindən yaşadılmasının zəruriliyini vurğulamış və daim dövlətin, milli idealların keşiyində dayanacaqlarını bəyan etmişlər.
Tədbir Qarabağa həsr olunmuş mahnının ifası ilə yekunlaşmış və iştirakçılarda dərin emosional təəssürat yaratmışdır.