Odlar Yurdu Universitetində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə “Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmış, ardınca İkinci Vətən müharibəsində və Azərbaycanın azadlığı uğrunda həlak olmuş bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra Müstəqilliyin Bərpası Gününə həsr olunmuş qısa videoçarx nümayiş etdirilmiş, Azərbaycanın dövlətçilik tarixinin əsas mərhələləri və müasir inkişafı haqqında məlumat təqdim edilmişdir.
Tədbirdə çıxış edən Odlar Yurdu Universitetinin Tədris işləri üzrə prorektoru, dos. Qabil Qafarov, Müstəqilliyin Bərpası Gününün Azərbaycan xalqının tarixi yaddaşında və dövlətçilik ənənələrinin formalaşmasında mühüm yer tutduğunu vurğulamışdır. O qeyd etmişdir ki, bu gün Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti və Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq arenada öz sözünü deyən, güclü, suveren və qalib dövlətə çevrilmişdir. O, çıxışında həmçinin vurğulamışdır ki, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi hər bir Azərbaycan gəncinin ən ali vətəndaşlıq borcudur.
Tədbir birinci kurs tələbələrinin iştirakı ilə hazırlanmış bədii hissə – musiqi nömrələri, səhnəciklər və kompozisiyalarla davam etmişdir. Gənc tələbələrin ifasında səsləndirilən vətənpərvərlik mövzusunda çıxışlar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.
Proqram çərçivəsində, həmçinin birinci kurs tələbələri arasında keçirilən “İstedad sorağında” adlı müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi baş tutmuşdur. Qaliblərə diplomlar təqdim edilmişdir.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirmişlər.
Tədbir, Odlar Yurdu Universitetində gənclərin milli dəyərlərə, dövlət müstəqilliyinə və Azərbaycançılıq ideyalarına sadiqliyinin bariz göstəricisi olmuşdur. Bu kimi tədbirlər bir daha təsdiqləmişdir ki, Odlar Yurdu Universitetinin kollektivi müstəqil Azərbaycanın inkişafına, onun gələcək nəsillərinin vətənpərvər ruhda formalaşmasına töhfə verməyə sadiqdir.