Odlar Yurdu Universitetində Elmi Şuranın növbəti iclası keçirilmişdir. İclasa universitetin rektoru, professor Əhməd Vəliyev sədrlik etmişdir. Gündəlikdə universitetdə nizam-intizam qaydalarına əməl olunması, əməkdaşlar arasında əmək intizamının vəziyyəti və tələbələrin dərsə davamiyyətinin yaxşılaşdırılması, həmçinin doktorantura və magistratura səviyyələrində dissertasiya mövzularının elmin aktual problemlərinə həsr olunmasının təmin edilməsi məsələləri müzakirə edilmişdir.
İclas zamanı tədris prosesinin səmərəliliyinin artırılması, tələbələrin məsuliyyət hissinin gücləndirilməsi və akademik mühitdə nizam-intizamın qorunması istiqamətində bir sıra vacib təkliflər səsləndirilmişdir.
Bununla yanaşı, bakalavriat səviyyəsində təhsil alan tələbələrin istehsalat, pedaqoji və diplomqabağı təcrübələrinin təşkili və keçirilməsi qaydaları geniş müzakirə olunaraq təsdiq edilmişdir. Müzakirələr zamanı təcrübə prosesinin tələbələrin praktiki bilik və bacarıqlarının formalaşmasında mühüm əhəmiyyət daşıdığı vurğulanmışdır.
İclasda həmçinin universitetin struktur bölmələrinin və professor-müəllim heyətinin 2025–2026-cı tədris ili üçün fəaliyyət planı təqdim olunmuş, qarşıdakı dövrdə tədris, elmi-tədqiqat və innovativ fəaliyyətin inkişafına dair prioritet istiqamətlər müəyyənləşdirilmişdir.
Sonda professor Əhməd Vəliyev universitet kollektivinə görülən işlərdə uğurlar arzulayaraq, qəbul edilən qərarların Odlar Yurdu Universitetinin elmi və akademik potensialının daha da gücləndirilməsinə xidmət edəcəyini vurğulamışdır.