Odlar Yurdu Universitetində 8 Noyabr – Zəfər Günü münasibətilə “Zəfərin 5 qürurlu ili” adlı möhtəşəm tədbir keçirilmişdir. Tədbir Azərbaycanın tarixi Qələbəsinin beşinci ildönümünə həsr olunmuşdur.
Tədbiri aparıcı açıq elan etmiş, daha sonra tələbələrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Ardınca Vətən uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Zəfər Gününə həsr olunmuş qısa videoçarxın nümayişi tədbir iştirakçılarında dərin qürur və duyğular oyatmışdır. Daha sonra Odlar Yurdu Universitetinin tələbələrinin iştirakı ilə “Qonşu qonşu olsa” adlı qısa tamaşa təqdim olunmuş, tələbələrin ifasında Zəfər nəğmələri səslənmişdir.
Tədbirin davamında Odlar Yurdu Universitetinin İdarəetmə Şurasının sədri, Milli Məclisin deputatı, professor Samir Vəliyev çıxış edərək vurğulamışdır ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının qəhrəmanlıq, milli birlik və Vətənə sədaqətinin parlaq təcəssümüdür. O qeyd etmişdir ki, bu Qələbə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi, Azərbaycan Ordusunun şücaəti və şəhidlərimizin qanı bahasına qazanılmışdır.
Professor Samir Vəliyev bildirmişdir ki, Zəfərin beşinci ildönümünün “Konstitusiya və Suverenlik İli” ilə eyni vaxta düşməsi təsadüf deyil. Bu, Azərbaycanın ərazi bütövlüyünün bərpası və dövlət suverenliyinin möhkəmləndirilməsi kimi iki tarixi mərhələnin vəhdətini simvolizə edir.
O vurğulamışdır ki, bu iki mühüm hadisə xalqımızın birliyini, dövlətimizin gücünü və Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasətini bir daha nümayiş etdirir.
Tədbirin sonunda “Zəfər Günü”nə həsr olunmuş inşa və bilik yarışlarının qalibləri mükafatlandırılmış, iştirakçılar xatirə şəkilləri çəkdirmişlər.
Bu tədbir bir daha göstərmişdir ki, Odlar Yurdu Universiteti yalnız elm və təhsil ocağı deyil, həm də milli-mənəvi dəyərlərin qorunduğu və gənclərdə vətənpərvərlik düşüncəsinin formalaşmasına xidmət edən nüfuzlu ali təhsil müəssisəsidir.