17–20 noyabr 2025-ci il tarixlərində Odlar Yurdu Universitetində Strateji inkişaf və karyera departamenti, Yaradıcılıq və mədəni tədbirlər departamenti və tələbə təşkilatlarının birgə təşəbbüsü ilə universitetin 30 illik yubileyinə həsr olunmuş “Karyera Həftəsi – 2025” layihəsinə start verilmişdir.
Tədbirin açılış mərasimini Odlar Yurdu Universitetinin İdarəetmə Şurasının sədri, Milli Məclisin deputatı, professor Samir Vəliyev etmişdir. Çıxışında o, əmək bazarındakı dəyişikliklər, gənclərin karyera strategiyaları və tələb olunan peşə bacarıqları barədə danışmışdır. Daha sonra Strateji inkişaf və beynəlxalq əlaqələr üzrə prorektor, professor Elşad Məmmədov universitetin strateji inkişaf istiqamətləri və gənclərin peşə perspektivləri barədə fikirlərini bölüşmüşdür.
Rəsmi çıxışlardan sonra Strateji inkişaf və karyera departamenti və Tələbə Gənclər Təşkilatı tərəfindən “Gənclik və karyera inkişafı” mövzusunda panel keçirilmişdir. Paneldə biznes kouç və təlimçi Sənan Həsənov, şəxsi inkişaf mentoru və təlimçi Nigar Əhmədova, həmçinin Odlar Yurdu Universitetinin Strateji inkişaf və karyera departamentinin rəhbəri Aslan Əzimzadə iştirak etmiş, müasir əmək bazarında karyera planlaması, peşə bacarıqlarının inkişafı, şəxsi brendin formalaşdırılması və motivasiya mövzularında məruzələr təqdim etmişlər.
Qeyd edək ki, Karyera Həftəsi – 2025 çərçivəsində növbəti günlərdə tələbələr üçün müxtəlif təlimlər, interaktiv sessiyalar və karyera yönümlü fəaliyyətlər təşkil olunacaq. Bu təşəbbüs Odlar Yurdu Universiteti tələbələrinin peşə bacarıqlarının inkişafına və gələcək karyera perspektivlərinin formalaşmasına mühüm töhfə vermişdir və eyni zamanda universitetin 30 illik yubileyinin qeyd olunmasına xüsusi əhəmiyyət kəsb etmişdir.