Odlar Yurdu Universitetində InUni Global nümayəndələrinin iştirakı ilə əhatəli tanışlıq və əməkdaşlıq görüşü keçirilmişdir. Görüşdə Odlar Yurdu Universitetinin İdarəetmə Şurasının sədri və Milli Məclisin deputatı, professor Samir Vəliyev, həmçinin OYU-nun İngilis dilində tədrisin təşkili fakültəsinin dekanı Aydın Əliyev iştirak edərək nümayəndə heyəti ilə geniş müzakirələr aparmışlar. Tərəflər akademik əməkdaşlıq perspektivləri, birgə layihələr və gələcək təhsil təşəbbüsləri barədə fikir mübadiləsi etmişdir.
Görüş zamanı tələbə və müəllim mobilliyi imkanları, ikili diplom proqramlarının potensialı, beynəlxalq tərəfdaşlıq şəbəkələrinin genişləndirilməsi və qlobal təhsil mühitinə inteqrasiya məsələləri müzakirə olunmuşdur.
Qeyd edək ki, InUni Global nümayəndə heyətinin tərkibində Blerina Polovna – Beynəlxalq Tələbə Qəbulu və Tərəfdaşlıq üzrə vitse-prezident (ABŞ), Jamilya Dosmailova – MDB, Monqolustan və Türkiyə üzrə rəhbər, həmçinin Jamila Məmmədova – MDB və Azərbaycan üzrə rəhbər iştirak etmişdir.
Rəsmi görüşdən sonra nümayəndələr tələbələrlə görüşərək beynəlmiləlləşmə prosesləri, xaricdə təhsil imkanları, qlobal karyera perspektivləri və beynəlxalq akademik inteqrasiya mövzularında interaktiv müzakirələr aparmış, tələbələrin suallarını cavablandırmışlar. Tədbirin xüsusi qonağı – SOCAR Baş Ofisin Portfelin təhlili və optimallaşdırılması üzrə aparıcı iqtisadçısı Akif Qurbanov çıxışı ilə görüşə əlavə dəyər qatmışdır.
Odlar Yurdu Universitetində keçirilən bu görüş universitetin beynəlxalq əməkdaşlıq strategiyasının vacib tərkib hissəsi olub, qlobal tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, tələbə və müəllim mobilliyinin artırılması, eləcə də yeni təhsil proqramlarının inkişaf etdirilməsi istiqamətində mühüm addım olmuşdur.