Odlar Yurdu Universitetində "Karyera Planlaması" mövzusunda təlim keçirilmişdir

20 Noyabr, 2025

Odlar Yurdu Universitetində "Karyera Planlaması" mövzusunda təlim keçirilmişdir
Odlar Yurdu Universitetinin 30 illik yubileyi münasibətilə keçirilən “Karyera Həftəsi – 2025” layihəsi çərçivəsində tələbələrin peşəkar inkişafına dəstək məqsədilə “Karyera planlaması” mövzusunda növbəti təlim təşkil olunmuşdur.
Təlim Odlar Yurdu Universitetinin Strateji inkişaf və karyera departamenti və Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək bazarı və sosial müdafiə məsələləri üzrə milli observatoriyanın birgə təşkilatçılığı ilə baş tutmuşdur.
Təlimçi qismində Dövlət məşğulluq agentliyinin Mərkəzi karyera filialının direktor müavini Elvira Sadıqova çıxış etmişdir. O, Odlar Yurdu Universitetinin tələbələrinə karyera planlamasının əsas mərhələləri, əmək bazarının real tələbləri, peşə seçimində düzgün qərarvermə üsulları, şəxsi bacarıqların qiymətləndirilməsi və uzunmüddətli peşəkar inkişaf strategiyasının formalaşdırılması barədə geniş məlumat vermişdir.
Təlim interaktiv müzakirələrlə müşayiət olunmuşdur, tələbələr öz suallarını ünvanlayıb və fərdi karyera hədəflərinə uyğun praktiki məsləhətlər əldə etmişlər. İştirakçılar bu cür tədbirlərin onların gələcək peşəkar yolunun planlaşdırılmasında mühüm rol oynadığını qeyd etmişlər.
Odlar Yurdu Universiteti tərəfindən keçirilən və yubileyə həsr edilmiş "Karyera Həftəsi – 2025" çərçivəsindəki bu təlim, tələbələrin peşəkar bacarıqlarının inkişafına və əmək bazarında rəqabət üstünlüyünün artırılmasına mühüm töhfə vermişdir. Bu cür tədbirlər Odlar Yurdu Universitetinin tələbə mərkəzli inkişaf strategiyasının davamlılığını təsdiqləmişdir.