Odlar Yurdu Universitetinin 30 illik yubileyinə həsr olunmuş “Karyera Həftəsi” uğurla başa çatmışdır

21 Noyabr, 2025

Odlar Yurdu Universitetinin 30 illik yubileyinə həsr olunmuş “Karyera Həftəsi” uğurla başa çatmışdır
Odlar Yurdu Universitetinin 30 illik yubileyinə həsr olunmuş “Karyera həftəsi” layihəsi çərçivəsində, gənclərin peşəkar inkişafına mühüm töhfə verən tədbirlər silsiləsi uğurla başa çatmışdır. Layihənin sonuncu tədbiri və rəsmi bağlanışı Strateji İnkişaf və Karyera Departamenti, Tələbə Elmi Cəmiyyəti və Shane Academy-nin birgə təşkilatçılığı ilə “Əmək Bazarında Uğura Aparan Yol” mövzusunda keçirilmiş karyera təlimi olmuşdur. Tədbirə Odlar Yurdu Universitetinin Strateji İnkişaf və beynəlxalq əlaqələr üzrə prorektoru, i.e.d., professor Elşad Məmmədovun açılış nitqi ilə start verilmişdir. Prorektor öz çıxışında əmək bazarının sürətlə dəyişən tələblərindən, qlobal trendlərdən və gənclərin karyera planlamasında strateji yanaşmanın əhəmiyyətindən bəhs etmiş, tələbələrə motivasiyaedici mesajlar çatdırmışdır. Təlim çərçivəsində müxtəlif sahələr üzrə tanınmış mütəxəssislər, o cümlədən iqtisad elmləri namizədi və sahibkar Sakit Səmədov, Harvard məzunu və beynəlxalq səviyyədə tanınmış mütəxəssis Jalə Bəhrəmova, “Doydum Catering” şirkətinin qurucusu Ceyhun Xəlilov, “Apply-Uni” və “Qolatofficial” platformalarının təsisçisi Səid Bağırov, həmçinin Kartpak şirkətlərinin təsisçisi Vüqar Cabbarov çıxış etmişlər. Spikerlər müasir əmək bazarının tələbləri, karyera planlaması, şəxsi brendin formalaşdırılması, sahibkarlıq bacarıqları, xaricdə təhsil imkanları və peşəkar şəbəkələşmə kimi aktual mövzular üzrə gənclərə real təcrübələrdən irəli gələn dəyərli məsləhətlər və tövsiyələr təqdim etmişlər. Sonda “Karyera həftəsi”nin bağlanışı elan edilmiş, keçirilmiş bütün təlimlərin Odlar Yurdu Universitetinin tələbələrinin gələcək karyera inkişafına verdiyi töhfələr xüsusi vurğulanmışdır. Eyni zamanda, bu uğurlu layihənin Odlar Yurdu Universiteti tərəfindən növbəti illərdə daha geniş miqyasda davam etdiriləcəyi qeyd edilmişdir. Universitetin 30 illik yubileyinə xüsusi həsr olunan bu silsilə tədbirlər Odlar Yurdu Universitetinin gənclərin inkişafına yönəlmiş strateji missiyanı uğurla həyata keçirdiyini bir daha nümayiş etdirmişdir.