Odlar Yurdu Universitetinin 30 illik yubileyi münasibətilə təşkil edilmiş universitetlərarası “FireLand Hackathon – Innovate the Future with AI” müsabiqəsinin açılış mərasimi Odlar Yurdu Universitetində yüksək dinamika və geniş coşqu ilə həyata keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə rəsmi şəkildə açıq elan olunmuşdur.
Açılış nitqi üçün səhnəyə Odlar Yurdu Universitetinin Strateji inkişaf və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Elşad Məmmədov təşrif buyurmuşdur. O, çıxışında gənclərin innovasiya və texnoloji təşəbbüslərə cəlb edilməsinin Odlar Yurdu Universitetinin strateji inkişaf istiqamətləri arasında prioritet yer tutduğunu vurğulamışdır.
Tədbirdə həmçinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnnovasiya ekosistemi departamentinin nümayəndəsi, universitetlərdə ekosistem quruculuğu üzrə layihə meneceri Nigar Abdullayeva iştirak etmişdir. O, tərəfdaş qurumun Odlar Yurdu Universitetinin innovasiya təşəbbüslərinə verdiyi ardıcıl dəstəyi xüsusi qeyd etmişdir.
Daha sonra Odlar Yurdu Universitetinin Startap və İnkubasiya Mərkəzinin rəhbəri Rəvanə Göyüşlü çıxış edərək hakatonun məqsədləri, tələbələr arasında yaratdığı böyük maraq və yüksək iştirakçı sayı haqqında ümumi məlumat vermiş, tədbirin innovasiya mühitinin inkişafına göstərdiyi töhfələri vurğulamışdır.
Rəsmi hissənin davamında mükafatlandırma mərasimi barədə məlumatı Coders Azerbaijan şirkətinin təmsilçisi Riyad Ağazadə təqdim etmişdir. O, Odlar Yurdu Universitetinin innovativ mühit formalaşdırmaq istiqamətində gördüyü işlərin hakatonun təşkilinə xüsusi zəmin yaratdığını diqqətə çatdırmışdır.
“FireLand Hackathon”un əsas məqsədi tələbələrdə analitik və yaradıcı düşüncə tərzini inkişaf etdirmək, süni intellekt sahəsinə marağı gücləndirmək, eləcə də sahibkarlıq mədəniyyətinin formalaşdırılmasına dəstək vermək olmuşdur. Odlar Yurdu Universitetində keçirilən bu hakaton iştirakçılara real problemlərə texnoloji həllər yaratmaq və öz potensiallarını nümayiş etdirmək üçün unikal platforma təqdim etmişdir.
Tədbirin rəsmi hissəsi xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşdırılmışdır.