Odlar Yurdu Universitetində Elmi Şuranın növbəti iclası keçirilmişdir. İclasa universitetin rektoru, professor Əhməd Vəliyev sədrlik etmişdir. Gündəlikdə universitetdə tədris prosesinin gedişi, elmi-tədqiqat işlərinin səmərəliliyinin artırılması və universitetin yubileyinə hazırlıq məsələləri müzakirə edilmişdir.
İclas zamanı doktorantların dissertasiya mövzularının və elmi rəhbərlərinin təsdiqi məsələsinə baxılmış, kafedralar üzrə müəllimlərin elmi fəaliyyəti, keçirilən elmi seminarlar və aparılan elmi-tədqiqat işlərinin vəziyyəti geniş təhlil olunmuşdur.
Bununla yanaşı, Odlar Yurdu Universitetinin 30 illik yubileyinə hazırlığın vəziyyəti barədə ətraflı müzakirələr aparılmış, yubiley tədbirlərinin yüksək səviyyədə təşkili istiqamətində müvafiq tapşırıqlar verilmişdir.
İclasda həmçinin yeni tədris vəsaitlərinin nəşri məsələsi diqqət mərkəzində olmuşdur. “Beynəlxalq münasibətlər və turizm” kafedrasının baş müəllimi Elxan Əliyev tərəfindən tərtib edilmiş “Turizm coğrafiyası” adlı dərs vəsaiti, eləcə də “Riyaziyyat və rəqəmsal texnologiyalar” kafedrasının müəllimləri Ramazan Eyyubov, Eldar Hüseynov və Vüsalə Sultanova tərəfindən hazırlanmış “Xətti cəbr və riyazi analiz (2 hissəli) (Nümunələr və tapşırıqlar)” adlı dərs vəsaiti müzakirə olunaraq yüksək qiymətləndirilmişdir.
Sonda 2024-cü ildə elmi-tədqiqat sahəsində səmərəli fəaliyyəti ilə fərqlənən əməkdaşlara elmi-tədqiqat diplomları təqdim edilmişdir. Cənab rektor, professor Əhməd Vəliyev mükafatçıları təbrik edərək, universitet kollektivinə elmi və pedaqoji fəaliyyətlərində uğurlar arzulamışdır.