Türkiyə Respublikasının Düzcə şəhərində Düzcə Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən “Farklı Coğrafyalarda Aile Yapısı ve Risk Faktörleriyle Mücadele” adlı beynəlxalq sempozyumda Odlar Yurdu Universiteti uğurla təmsil olunmuşdur.
Tədbirdə Odlar Yurdu Universitetini “Humanitar, Təhsil və Dillər” fakültəsinin dekanı dosent Nuridə Muxtarzadə və “Təbiət və Texnologiyalar” fakültəsinin dekanı dosent Sevinc Məhərrəmova təmsil etmişlər.
Sempozyumda 7 fərqli ölkədən alim və mütəxəssislər iştirak etmişdir. Tədbir çərçivəsində fakültə dekanlarımızın elmi çıxışları dinləyicilər tərəfindən yüksək maraqla qarşılanmışdır.
İki gün davam edən elmi proqramın ardınca nümayəndə heyətimiz Düzcə Dövlət Universitetinin rektoru Prof. Dr. Nadim Sözbir ilə ayrıca görüş keçirmişdir. Görüşdə iki universitet arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı müəllim mübadiləsi və akademik əməkdaşlıq, tələbə mübadiləsi proqramı, ikili diplom layihələrinin hazırlanması, birgə yay məktəblərinin təşkili kimi istiqamətlər müzakirə olunmuşdur.
Görüş qarşılıqlı əməkdaşlıq üçün yeni imkanların açılması baxımından faydalı və məhsuldar olmuşdur. Bu çərçivədə tərəflər akademik əlaqələrin dərinləşdirilməsi, birgə elmi layihələrin həyata keçirilməsi, tələbə və müəllim mobilliyinin artırılması, habelə gələcəkdə müştərək proqram və tədbirlərin təşkili üçün konkret addımların atılması barədə söhbət aparmışlar. Hər iki universitet bu əməkdaşlığın uzunmüddətli və davamlı tərəfdaşlıq üçün ciddi potensial yaratdığını qeyd etmişdir.
Sonda tərəflər iki universitet arasında qurulan bu yeni əməkdaşlıq platformasının qarşıdakı illərdə həm elmi, həm də tədris sahəsində əhəmiyyətli nəticələr verəcəyinə əminliklərini ifadə etmişlər. Odlar Yurdu Universiteti beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində bu kimi təşəbbüsləri davam etdirməyi prioritet olaraq müəyyənləşdirmişdir və gələcək əməkdaşlıq layihələrinin həyata keçirilməsinə böyük önəm vermişdir.