Odlar Yurdu Universiteti adından cənab Prezidentə təbrik məktubu

24 Dekabr, 2025

Odlar Yurdu Universiteti adından cənab Prezidentə təbrik məktubu
Hörmətli cənab Prezident!

Sizi doğum gününüz münasibətilə şəxsən öz adımdan, həmçinin rəhbərlik etdiyim Odlar Yurdu Universitetinin professor-müəllim heyəti və çoxminli tələbə kollektivi adından səmimi-qəlbdən və yüksək ehtiramla təbrik edirəm.
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olaraq Sizin müdrik rəhbərliyinizlə Azərbaycan bu gün dünya miqyasında böyük nüfuza malik qüdrətli dövlətə çevrilmişdir. Ata vəsiyyətini şərəflə yerinə yetirən Müzəffər Ali Baş Komandan kimi Sizin dəmir iradəniz və qətiyyətiniz sayəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edilmiş, xalqımızın illərlə həsrətində olduğu tarixi Zəfər reallığa çevrilmişdir.
Elmin, təhsilin inkişafına və gənc nəslin milli ruhda yetişməsinə göstərdiyiniz davamlı diqqət və qayğı biz ziyalılar üçün ən böyük motivasiya mənbəyidir. Biz Sizinlə qürur duyur, Ulu Öndərin ideyalarına sadiq qalaraq ölkəmizin tərəqqisi naminə yürütdüyünüz siyasəti hər zaman dəstəkləyirik.
Sizə möhkəm cansağlığı, tükənməz enerji, xalqımızın rifahı və doğma Azərbaycanımızın parlaq gələcəyi naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni zəfərlər arzulayırıq.

Dərin hörmət və ehtiramla,
Professor Əhməd Vəliyev
Odlar Yurdu Universitetinin rektoru