OYU-da Elmi Şuranın növbəti iclası keçirilmişdir

23 Dekabr, 2025

OYU-da Elmi Şuranın növbəti iclası keçirilmişdir

Odlar Yurdu Universitetində Elmi Şuranın növbəti iclası keçirilmişdir. İclası universitetin rektoru, professor Əhməd Vəliyev açmış, iclas iştirakçılarını salamlamış və gündəlikdə duran məsələlər barədə ətraflı məlumat vermişdir.
İclasda payız semestrinin imtahan sessiyasına hazırlığın mövcud vəziyyəti, universitetin idarəetmə strukturunda nəzərdə tutulan dəyişikliklər və yeni strukturun təsdiqi məsələləri geniş müzakirə olunmuşdur. Həmçinin, universitet əməkdaşlarının elmi-pedaqoji fəaliyyətinin qiymətləndirilməsi və baş müəllim statusuna keçirilməsi məsələləri nəzərdən keçirilmişdir.
Gündəliyin vacib hissələrindən biri kimi, Odlar Yurdu Universitetinin qarşıdan gələn 30 illik yubileyinə hazırlıq işlərinin gedişatı təhlil edilmişdir. Bununla yanaşı, Strateji inkişaf və karyera departamenti tərəfindən 2024-2025-ci il məzunları ilə keçirilmiş sorğuların hesabatı və Keyfiyyət təminatı və akkreditasiya işləri departamenti tərəfindən universitet üzrə aparılan sorğuların nəticələri dinlənilmişdir.
İclasda həmçinin Beynəlxalq münasibətlər və turizm kafedrasının müdiri, professor S.Ə.Vəliyev və kafedranın müdir müavini, dosent S.Y.Əliyeva tərəfindən hazırlanmış “Tarixi və mədəni turizm” adlı dərsliyin müzakirəsi aparılmışdır.
Sonda cənab rektor, professor Əhməd Vəliyev müzakirə olunan məsələlərin universitetin strateji hədəflərinə çatmaq yolunda mühüm əhəmiyyət daşıdığını vurğulamışdır. O, xüsusilə universitetin 30 illik yubileyi ərəfəsində kollektivin qarşısında duran şərəfli vəzifələri qeyd edərək, qarşıdan gələn imtahan sessiyasında və gələcək elmi-pedaqoji fəaliyyətlərində hər kəsə yeni nailiyyətlər və uğurlar arzulamışdır.