Odlar Yurdu Universitetinin "Dizayn" ixtisası üzrə semestr imtahanları keçirilmişdir

06 Yanvar, 2026

Odlar Yurdu Universitetinin "Dizayn" ixtisası üzrə semestr imtahanları keçirilmişdir

Odlar Yurdu Universitetinin Təbiət və texnologiyalar fakültəsinin "Dizayn" ixtisasında təhsil alan tələbələri üçün 2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyası çərçivəsində ixtisas fənləri üzrə imtahan prosesi həyata keçirilmişdir.
İmtahan müddətində gənc dizaynerlər auditoriya şəraitində canlı naturadan işləyərək yüksək akademik hazırlıq nümayiş etdirmişlər. Tələbələr antik və İntibah dövrünün şah əsərləri sayılan Gattamelata və Diadumenin gips başlarını akademik rəsm qaydalarına uyğun olaraq kağız üzərinə köçürmüş, başın konstruktiv quruluşunu və plastik anatomiyasını dəqiqliklə işləmişlər.
Paralel olaraq, Natyurmort kompozisiyası üzərində işləyən tələbələr qrafin və meyvələrin rəng həllini, işıq-kölgə münasibətlərini və fakturasını kətan üzərində boyalarla canlandırmışlar. İmtahan prosesi zamanı tələbələr nəzəri biliklərini praktik vərdişlərlə birləşdirərək, tapşırılan obyektləri real zaman rejimində ustalıqla təsvir etmişlər.
Tələbələrin nümayiş etdirdiyi bu yüksək sənətkarlıq və estetik zövq, onların gələcəyin peşəkar mütəxəssisləri kimi formalaşdığını bir daha sübut edir. Odlar Yurdu Universiteti olaraq gənc dizaynerlərimizlə qürur duyur, onlara yaradıcılıq axtarışlarında və təhsil həyatlarında davamlı uğurlar arzulayırıq.