Odlar Yurdu Universitetində TEDx Odlar Yurdu University tədbiri keçirilib

04 Mart, 2026

Odlar Yurdu Universitetində TEDx Odlar Yurdu University tədbiri keçirilib

Odlar Yurdu Universitetində TEDx Odlar Yurdu University tədbiri keçirilib. Tədbirdə müxtəlif sahələr üzrə tanınmış spikerlər çıxış edərək gənclər, təhsil, gələcək peşələr və şəxsi inkişaf mövzularında öz fikir və təcrübələrini iştirakçılarla bölüşüblər.

Tədbirin moderatoru Odlar Yurdu Universitetinin İngilis dilində tədrisin təşkili fakültəsinin dekanı Aydın Əliyev olub.

Tədbirdə Odlar Yurdu Universitetinin İdarəetmə Şurasının sədri, Milli Məclisin deputatı Samir Vəliyev “Peşə seçimi və gənclərin özünü reallaşdırması” mövzusunda çıxış edərək gənclərin doğru peşə seçiminin onların gələcək həyatında mühüm rol oynadığını vurğulayıb.

“Bugünkü mövzu gənclərin özünü reallaşdırması və insanın həyatında qarşılaşdığı məqamlarla bağlıdır. Bu mövzu məni hər zaman düşündürən məsələlərdəndir və çıxışıma hazırlaşarkən də bu barədə ciddi şəkildə fikirləşdim. Həyatda bəzən çox kiçik görünən hadisələr belə böyük nəticələrə səbəb ola bilər. Məsələn, beş dəqiqə gec oyanmaq bəzən bütün günün planını dəyişə bilər. Buna görə də insan gündəlik həyatında vaxtın və imkanların dəyərini düzgün qiymətləndirməlidir. Bu məsələlərə yanaşma baxımından ənənəvi psixologiya ilə pozitiv psixologiya arasında müəyyən fərqlər var. Ənənəvi psixologiya daha çox problemlərə, çətinliklərə və insanın qarşılaşdığı çətin vəziyyətlərə diqqət yetirir. Pozitiv psixologiya isə insanın güclü tərəflərini, potensialını və həyatından məmnun qalmasına kömək edən amilləri araşdırır.

Pozitiv psixologiyanın əsas yanaşmasına görə insanın ehtiyacları təmin olunduqda o, gördüyü işdən və yaşadığı həyatdan daha çox məmnun olur. Bu sahə ilə məşğul olan bir çox ekspertlər insanın həyatında məmnunluq və özünü reallaşdırma hissinin formalaşması üçün müəyyən mərhələlərin vacib olduğunu qeyd edirlər. Bu yanaşmalardan biri də insanın ehtiyaclarının mərhələli şəkildə təmin olunmasını izah edir. Əvvəlcə fizioloji tələbatlar – yəni insanın yaşaması üçün zəruri olan əsas ehtiyaclar qarşılanmalıdır. Daha sonra təhlükəsizlik və sabitlik hissi formalaşmalıdır. İnsan özünü təhlükəsiz hiss etdikdə, sabit həyat şəraiti olduqda və əsas ehtiyacları təmin edildikdə, o zaman öz inkişafı, təhsil və peşə fəaliyyəti barədə daha rahat düşünə bilir. Bütün bu mərhələlər insanın özünü reallaşdırması və həyatında uğur qazanması üçün mühüm rol oynayır. Əgər siz hər hansı bir yerdə çalışdığınız zaman rəhbərlik sizə qiymət vermir, mükafatlandırmır, vəzifə yüksəlişi təmin etmir və sizi dəyərləndirmirsə, bu halda demotivasiya yaranır. İnsanın gözləntisi ondan ibarətdir ki, gördüyü işin müqabilində qiymətləndirilsin. Əgər insan işini yaxşı görürsə, onun əməyinə dəyər verilməlidir. Bu, insan psixologiyasına aid olan mühüm amillərdən biridir.

İnsan ehtiyacları qarşılandıqda o, özünü daha rahat reallaşdıra bilir. Bu isə sadəcə daha çox işləmək deyil, görülən işə fayda gətirmək deməkdir. Uğurun açarı da məhz bundadır. Bunu bir nəzəriyyə kimi qəbul etmək olar. Qlobal iş mühitinin nəticələrinə dair 2025-ci ilin hesabatına görə, insanların 62 faizi işləsə də motivasiyası zəifdir və minimum performans göstərir. 17 faiz insan isə işindən tamamilə narazıdır. Cəmi 21 faiz insan öz işinə həqiqətən bağlı və motivasiyalıdır".

 

ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə “Gələcək peşələr” mövzusunda çıxış edərək texnologiya və innovasiyaların əmək bazarına təsiri, eləcə də gələcəkdə daha çox tələb olunacaq ixtisaslar barədə fikirlərini iştirakçılarla bölüşüb:

“Bəzən belə bir fikir səsləndirilir ki, Azərbaycanda iş yoxdur. Mən hesab edirəm ki, bu, yanlış ifadədir. Azərbaycanda kifayət qədər iş imkanları mövcuddur. Sadəcə olaraq, həmin iş yerlərinə uyğun ixtisaslı mütəxəssislər çatışmır. Məsələn, bu gün Azərbaycanda informasiya təhlükəsizliyi, rəqəmsal dövlət idarəçiliyi və süni intellekt sahəsində mütəxəssislərə böyük ehtiyac var. Lakin təəssüf ki, bu istiqamətlər üzrə yetərli sayda peşəkar mütəxəssislər yetişdirə bilmirik.

Mənim məsləhətim odur ki, əziz gənclər, peşə seçərkən yalnız ətrafınızdakı insanların seçimlərinə baxmayın. Bəzən görürük ki, çoxları hüquqşünas və ya həkim olmaq istəyir, yaxud dövlət qurumlarında işləməyi hədəf kimi seçir. Halbuki texniki və innovativ sahələrdə böyük ehtiyac var. Dünya isə çox sürətlə dəyişir. Təhsil sistemi də bu dəyişikliklərə uyğunlaşmalıdır. Universitetlər bazarın tələbatını nəzərə alaraq yeni ixtisaslar yaratmalı və tələbələri müasir bilik və bacarıqlarla hazırlamalıdır. Məsələn, süni intellekt və rəqəmsal texnologiyalar sahəsində qısa müddətli, intensiv proqramlar vasitəsilə gəncləri əmək bazarına daha tez hazırlamaq mümkündür.

Cəmiyyətimizdə belə bir düşüncə var ki, insan universiteti bitirib diplom almalı və sonra hansısa dövlət qurumunda işə düzəlməlidir. Amma bu gün dünya tamamilə fərqli istiqamətdə inkişaf edir. Gənclər yalnız iş axtarmaqla kifayətlənməməli, eyni zamanda yeni iş imkanları yaratmaq, biznes qurmaq barədə də düşünməlidirlər. Bu gün internet vasitəsilə gənclər üçün çox böyük imkanlar mövcuddur. Siz layihələr yarada, öz ideyalarınızı reallaşdıra və komanda formalaşdıra bilərsiniz. Bunun üçün isə liderlik, kommunikasiya bacarıqları, komanda ilə işləmək, problemləri həll etmək və resurslardan düzgün istifadə etmək kimi bacarıqlara sahib olmaq lazımdır.

Artıq əzbərçilik dövrü geridə qalır. Gənclər daha dinamik, yaradıcı və təşəbbüskar olmalıdırlar. Mən sizin hamınıza uğurlar arzulayıram. Qarşınızda çox gözəl imkanlar var. Çalışın bu imkanlardan düzgün istifadə edin, həm özünüzü inkişaf etdirin, həm də ölkəmizin inkişafına fayda verən gənclərdən olun.”

 

British Council-in imtahanlar şöbəsinin rəhbəri Nərgiz Əkbərova “Gənclər haradan başlamalıdır?” mövzusunda çıxış edərək gənclərə karyera planlaşdırması, öz potensialını düzgün qiymətləndirmək və inkişaf etdirmək istiqamətində tövsiyələrini bölüşüb:

"Bu gün məndən əvvəl çıxış edən spikerlər də oxşar mövzulara toxundular və gənclərlə öz təcrübələrini bölüşdülər. Mən də buna yaxın bir mövzu haqqında danışmaq istəyirəm. Çünki bu gün informasiya çoxdur, demək olar ki, hər şeyə çıxış var. Dünyanın istənilən yerində məlumat axtarmaq, təhsil almaq və inkişaf etmək mümkündür. Buna görə də əsas sual belədir: ilk addımlar necə olmalıdır? İlk olaraq sizinlə tanış olmaq istəyirəm. Adətən 18 yaşında gənclərə verilən ən çətin suallardan biri budur: “Beş il sonra özünüzü harada görürsünüz?” Bu suala cavab tapmaq bəzən kifayət qədər çətin olur.

Mən də həyatımın müxtəlif mərhələlərində bu sual üzərində düşünmüşəm. 11 yaşımda ilk dəfə hüquqla bağlı kitab oxudum və o vaxtdan kitab oxumağı çox sevməyə başladım. Ümumiyyətlə, mütaliə mənim həyatımda çox böyük rol oynayıb. 14 yaşımda isə həyatımda ciddi dəyişikliklər baş verdi. Daha əvvəl nisbətən rahat bir həyat yaşasaq da, müəyyən səbəblərə görə həyatımız sadələşdi və bu dəyişikliklər mənim dünyagörüşümə ciddi təsir göstərdi.

17 yaşımda həkim ailəsində böyüməyimə baxmayaraq, həkim olmaq əvəzinə biznesin idarə edilməsi sahəsini seçdim. Bu qərar mənim gələcək yolumu müəyyənləşdirdi. 23 yaşımda artıq kifayət qədər yüksək maaşlı bir işim var idi. Lakin buna baxmayaraq, mən həmin işi tərk edərək təhsilimi davam etdirmək qərarına gəldim və bu istiqamətdə səyahət etdim. Xaricdə oxuyarkən bəzən yeganə azərbaycanlı olur və ölkəmi təmsil edirdim. Bu, həm qürurverici, həm də məsuliyyətli bir təcrübə idi. 34 yaşımda artıq Cənubi Qafqaz ölkələri – Azərbaycan, Gürcüstan və Ermənistan üzrə imtahan xidmətlərinin rəhbəri kimi fəaliyyət göstərirdim. Lakin bir müddət sonra yenidən təhsilə qayıtmaq və öz üzərimdə işləmək ehtiyacı hiss etdim.

40 yaşımda artıq 22 ildən çox iş təcrübəm, 20-dən artıq ölkə və 70-dən çox şəhərə etdiyim səfərlər var idi. 41 yaşın mənə nə gətirəcəyini isə hələ bilmirəm. Əziz gənclər, bu gün sosial media vasitəsilə siz çox uğurlu insanların həyatını izləyirsiniz. Lakin onların yalnız nəticəsini görürsünüz, keçdikləri uzun və çətin yolu isə çox zaman görmürsünüz. Ona görə də uğurlu hesab etdiyiniz insanların hansı yollardan keçdiyini araşdırmaq və həmin təcrübədən özünüz üçün nəticə çıxarmaq çox faydalı ola bilər. Bu, sizin potensialınıza uyğun yolu tapmağınıza kömək edə bilər."

 

Milli Məclisin deputatı Şahin Seyidzadə “Azərbaycan menecmenti” mövzusunda çıxış edərək ölkədə idarəetmə mədəniyyətinin inkişafı, müasir menecment yanaşmaları və effektiv rəhbərlik prinsiplərinin əhəmiyyəti barədə fikirlərini iştirakçılarla bölüşüb: 

"Azərbaycanda təxminən 1 milyon 300 min şagird təhsil alır. Valideynlərdən soruşduqda ki, “övladınızın keyfiyyətli təhsil almasını istəyirsinizmi?”, əksəriyyət “bəli” cavabını verir. Lakin onun sözlərinə görə, yalnız istək kifayət etmir. Azərbaycan menecmentinin xüsusiyyətlərini anlamaq üçün müəyyən elmi və sosial amilləri nəzərə almaq lazımdır. Onun sözlərinə görə, təqdim etdiyi yanaşma üç əsas məqama əsaslanır:

  • Elmi əsaslar
  • Şəxsi təcrübə 
  • Azərbaycanın spesifik xüsusiyyətləri və mentaliteti

Deputat bu mövzuda fəlsəfə elmləri doktoru H.Quliyevin “Arxetipik Azərilər: mentalitetin simaları” kitabını da xüsusi olaraq tövsiyə edib və qeyd edib ki, bu əsər Azərbaycan cəmiyyətinin mental xüsusiyyətlərini anlamaq baxımından mühüm mənbələrdən biridir:

"Cəmiyyətdə tez-tez rast gəlinən bəzi miflər və düşüncə stereotipləri nəticələrə də təsir edir. Valideynlər övladlarının yaxşı təhsil almasını istəsələr də, bəzən reallıq və yanaşmalar bu istəklərlə üst-üstə düşmür. İdarəetmə və inkişaf prosesində yalnız niyyət deyil, real yanaşma, sistemli düşüncə və məsuliyyətli münasibət də vacib rol oynayır".

 

PMD Projects şirkətinin direktoru Nəriman Topçubaşev “Xəyallarda yaşamaq, yoxsa həyatla barışmaq?” mövzusunda çıxış edərək insanın məqsədləri, reallıq və arzular arasında balans qurmasının vacibliyi, uğura gedən yolda düzgün seçimlərin əhəmiyyəti barədə fikirlərini iştirakçılarla bölüşüb:

"Rəhbərlik etdiyim komanda müxtəlif layihələrin icrası ilə məşğuldur və bu layihələrdən biri də Zəngilanda həyata keçirilən muzey layihəsidir. İnşaat və mühəndislik sahəsi cəmiyyətin inkişafında mühüm rol oynasa da, bu peşələrə maraq əvvəlki dövrlərlə müqayisədə müəyyən qədər azalıb. Azərbaycanda mühəndislik və inşaat sahəsində çalışan mütəxəssislərin sayı minlərlədir və bu sahə müxtəlif dövrlərdə fərqli mərhələlərdən keçib. Sovet dövründən başlayaraq müstəqillikdən sonrakı mərhələdə də inşaat və mühəndislik sahəsi ölkənin inkişafında mühüm rol oynayıb. Lakin bu gün gənclərin peşə seçimi məsələsi müəyyən problemlər yaradır və texniki sahələrə marağın artırılması vacib hesab olunur".

O, işə qəbul proseslərində müşahidə olunan statistik göstəricilərə də toxunaraq bildirib ki, bəzən minlərlə müraciət arasından yalnız az sayda namizəd tələb olunan meyarlara cavab verir. Onun sözlərinə görə, yüksək bal toplamaq və nəzəri biliklərə sahib olmaq kifayət etmir. Müasir əmək bazarında insanın özünü təqdim etməsi, ünsiyyət bacarıqları və praktiki səriştələri də böyük əhəmiyyət daşıyır.

Nəriman Topçubaşev çıxışında süni intellekt və texnologiyaların sürətli inkişafına da diqqət çəkib: "Yaxın illərdə texnologiyalar və süni intellekt bir çox peşələrin məzmununu dəyişəcək və əmək bazarında yeni tələblər formalaşdıracaq. Bu baxımdan gənclər yalnız nəzəri biliklərlə kifayətlənməməli, daim öz bacarıqlarını inkişaf etdirməli və dəyişən dünyaya uyğunlaşmağı bacarmalıdırlar. Gələcəkdə uğur qazanmaq üçün yalnız bir sahə üzrə biliklər kifayət etmir. İnsanlar özlərini inkişaf etdirməli, yeni texnologiyaları öyrənməli və peşəkar bacarıqlarını davamlı şəkildə artırmalıdırlar. Bu yanaşma həm fərdi inkişaf, həm də ölkənin gələcək inkişafı üçün böyük əhəmiyyət daşıyır".

 

Beynix Marketing Mərkəzi MMC-nin Marketinq direktoru Orxan Şahbaz “Sosial media marketinqində ziddiyyətlər” mövzusunda çıxış edərək rəqəmsal mühitdə brendlərin kommunikasiya strategiyaları, sosial medianın biznesə təsiri və marketinqdə doğru yanaşmalar barədə fikirlərini iştirakçılarla bölüşüb. O, çıxışı zamanı “catchphrase” anlayışına toxunaraq qeyd edib ki, insanların tez-tez istifadə etdiyi və ya eşidən kimi müəyyən şəxs, brend və ya obrazla əlaqələndirdiyi qısa ifadələr yadda qalmaq baxımından mühüm rol oynayır. Onun sözlərinə görə, uğurlu kommunikasiya üçün mesajın qısa, yadda qalan və təkrar olunan olması vacibdir.

Spiker həmçinin Baader–Meinhof fenomeni (Frequency illusion) haqqında danışaraq izah edib ki, insan yeni bir anlayış və ya məlumat öyrəndikdən sonra həmin şeyi sanki hər yerdə görməyə başlayır. Bu isə əslində beynin diqqət mexanizmi ilə bağlıdır və marketinqdə mesajların yadda qalmasında mühüm rol oynayır. Çıxış zamanı sosial psixologiyaya dair maraqlı bir prinsip də vurğulanıb. Bildirilib ki, cəmiyyətlər əsasən iki sistem üzərində fəaliyyət göstərir: maraq sistemi (iqtisadiyyat) və mənəviyyat sistemi (sosial sabitlik). Bu iki amil arasında balansın qorunması isə sağlam və davamlı inkişaf üçün vacib hesab olunur.

Orxan Şahbazın çıxışı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və sosial media, kommunikasiya strategiyaları və insan psixologiyasının marketinqdə rolu barədə yeni baxış bucaqları təqdim edib.