Odlar Yurdu Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən Yazarlar Klubunun üzvlərinin təşəbbüsü ilə Azərbaycanlı yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı Elxan Elatlı ilə görüş və imza günü təşkil olunmuşdur. Tədbir Kitabçı bookstore-də baş tutmuşdur.
Görüş tələbələrin ədəbi dünyagörüşünün genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmiş, gənclərin müasir Azərbaycan ədəbiyyatının aparıcı nümayəndələrindən biri ilə birbaşa ünsiyyət qurmasına imkan yaratmışdır. Tədbir çərçivəsində yazıçının yaradıcılıq yolu, əsərlərində yer alan sosial-psixoloji mövzular, obrazların formalaşma xüsusiyyətləri və bədii üslubunun spesifik cəhətləri haqqında ətraflı məlumat verilmişdir. Bununla yanaşı, müəllif yazı prosesinin mərhələləri barədə danışaraq ideyanın formalaşmasından yekun əsərin ərsəyə gəlməsinədək keçilən yaradıcı yolu elmi-praktik aspektdə izah etmişdir. O, həmçinin ədəbiyyatın cəmiyyətin mənəvi inkişafındakı rolu ilə bağlı fikirlərini bölüşmüşdür.
İnteraktiv formatda keçən görüş zamanı tələbələr tərəfindən ünvanlanan suallar yazıçının yaradıcılığına müxtəlif baxış bucaqlarından yanaşmağa şərait yaratmışdır. Elxan Elatlı gənclərlə şəxsi təcrübəsini bölüşərək mütaliə vərdişlərinin inkişaf etdirilməsi, yazı intizamının qorunması və ədəbi zövqün formalaşdırılması istiqamətində tövsiyələr vermişdir. Görüşün sonunda tələbələr müəllifin kitablarını imzalatmaq imkanı əldə etmiş, xatirə şəkilləri çəkdirmiş və tədbirdən yüksək motivasiya ilə ayrılmışlar.
Qeyd edək ki, bu kimi tədbirlər tələbələrin intellektual inkişafına töhfə verməklə yanaşı, onların ədəbiyyata marağının artırılması və yaradıcılıq potensialının stimullaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
İnformasiya və ictimaiyyətlə əlaqələr departamenti
(+994 55) 465 85 27