Biologiya və Ekologiya kafedrasının müəllimi Vəliyeva Aytənin təşəbbüsü və təşkilatçılığı ilə tələbələrin ekoloji biliklərinin artırılması məqsədilə “Yaşıl ASAN” ekoloji proqramı çərçivəsində maarifləndirici görüş təşkil olunub.
Görüş ASAN Könüllüləri, Odlar Yurdu Universiteti və AZGREEN Mühəndislik və Ətraf Mühit Xidmətləri MMC-nin birgə əməkdaşlığı nəticəsində həyata keçirilib. Tədbirin əsas məqsədi tələbələr arasında ekoloji düşüncənin formalaşdırılması və ətraf mühitə məsuliyyətli yanaşmanın təşviq edilməsi olub.
Tədbir zamanı tələbələrlə ətraf mühitin qorunması, ekoloji problemlər, sağlam həyat tərzinin əhəmiyyəti və təkrar emalın rolu kimi mövzular müzakirə edilib. Eyni zamanda ekoloji çirklənmənin təbiətə və insan sağlamlığına təsirləri haqqında məlumat verilib, tullantıların düzgün idarə olunması və təkrar emalın ətraf mühit üçün əhəmiyyəti tələbələrin diqqətinə çatdırılıb.
Qeyd edək ki, belə maarifləndirici görüşlər tələbələrdə ekoloji məsuliyyətin formalaşmasına və təbiətin qorunmasına dair biliklərin artırılmasına mühüm töhfə verir.