Odlar Yurdu Universitetində Bioloqlar Günü münasibətilə seminar keçirildi

16 Aprel, 2026

240
Odlar Yurdu Universitetində Bioloqlar Günü münasibətilə seminar keçirildi

Odlar Yurdu Universitetində Bioloqlar Günü münasibətilə elmi seminar təşkil olunmuşdur. Seminar çərçivəsində tələbə və müəllim heyətinin iştirakı ilə biologiya və təbabət sahəsində aktual mövzulardan biri – “Gənclik eliksiri: möcüzəvi maral pantası və qanı” mövzusu müzakirə edilmişdir.

Seminarın təlimçisi, Odlar Yurdu Universitetinin Baş müəllimi Sevinc Abbasova çıxışında qeyd etmişdir ki, xalq təbabətinin zəngin irsi və təbiətə əsaslanan müalicə üsulları müasir elmi tədqiqatlar üçün mühüm əhəmiyyət kəsb edir. O, maral pantaları və qanının tərkibində olan bioloji aktiv maddələrin insan sağlamlığına təsiri, xüsusilə immun sisteminin gücləndirilməsi, toxuma bərpası və cavanlaşdırıcı xüsusiyyətləri barədə ətraflı məlumat vermişdir.

Sevinc Abbasova seminarda həmçinin Şərq təbabətində maral mənşəli məhsulların istifadəsi, onların kimyəvi tərkibi, hormon və böyümə faktorları ilə zənginliyi, eləcə də müasir elmdə aparılan tədqiqatlar barədə geniş təqdimatla çıxış edib:

"Bu sahədə aparılan eksperimental və klinik araşdırmalar maral pantalarının terapevtik, immunostimulyator və metabolik təsirə malik olduğunu təsdiqləyir. Buynuzlar əsasən erkək marallarda inkişaf edir və tibbi baxımdan ən dəyərli mərhələ tam formalaşmamış – yəni gənc pantalar dövrüdür. Yaz aylarında köhnə buynuzlar tökülür, onların yerində qanla zəngin, sürətlə böyüyən yeni buynuzlar əmələ gəlir və bu proses hormonal fəaliyyətlə əlaqəli şəkildə həyat boyu təkrarlanır. Pantalar sutkada 1,5–2 sm böyüyə bilir ki, bu da canlı aləmdə nadir haldır. Vaxtında kəsilmədikdə onların tibbi dəyəri azalır. Toplandıqdan sonra isə keyfiyyətin qorunması üçün müxtəlif üsullarla – qurutma, dondurma və istiliklə emal edilərək konservləşdirilir.”

Tədbirin əsas məqsədi tələbələrin elmi dünyagörüşünü genişləndirmək, biologiya və təbabət sahəsində innovativ yanaşmalarla tanış etmək, həmçinin milli və beynəlxalq elmi biliklərin inteqrasiyasını təşviq etmək olmuşdur. Seminar iştirakçılar tərəfindən maraqla qarşılanmış, mövzu ətrafında müzakirələr aparılmış və suallar cavablandırılmışdır.

Odlar Yurdu Universiteti gələcəkdə də bu kimi elmi-maarifləndirici tədbirlərin keçirilməsini davam etdirməyi planlaşdırır.

 

İnformasiya və ictimaiyyətlə əlaqələr departamenti
(+994 55) 465 85 27