Bu gün Odlar Yurdu Universitetində biologiya və tibb sahəsində aktual mövzulardan birinə həsr olunmuş növbəti elmi seminar təşkil olunmuşdur. Seminar “Pankreas xərçəngində epigenetik mexanizmlər: gen ifadəsinin səssiz tənzimləyiciləri” mövzusuna həsr edilmişdir.
Tədbirə beynəlxalq təcrübəyə malik gənc tədqiqatçı, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin “2019–2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təqaüdçüsü, hazırda İstanbul Universitetinin Çapa Tibb Fakültəsində doktorantura təhsili alan Leyla Xəlilova onlayn formatda qoşulmuşdur.
Seminar zamanı məruzəçi pankreas xərçənginin molekulyar əsasları, xəstəliyin inkişaf mərhələləri və müasir müalicə yanaşmaları barədə geniş məlumat vermişdir. Xüsusilə epigenetik mexanizmlərin – DNT metilasiyası, histon modifikasiyaları və qeyri-kodlaşdırıcı RNT-lərin – gen ifadəsinin tənzimlənməsində rolu və pankreas xərçənginin inkişafına təsiri elmi əsaslarla izah olunmuşdur:
"Pankreas xərçəngi uzun müddət gizli inkişaf edən və adətən gec mərhələdə aşkarlanan en aqressiv xərçeng növlerinden biridir. Bu baxımdan xəstəliyin patogenezində epigenetik modifikasiyaların rolu xüsusi əhəmiyyət kəsb edir. DNT metilasiyası, histon modifikasiyaları və kodlaşdırmayan RNT-lər gen ekspressiyasını dəyişdirərək şişin yaranması, proqressiyası və müalicəyə müqavimət mexanizmlərində mühüm rol oynayır. Bu epigenetik dəyişikliklərin öyrənilməsi yalnız xəstəliyin molekulyar əsaslarını anlamağa deyil, eyni zamanda erkən diaqnostika üçün biomarkerlərin müəyyənləşdirilməsinə və fərdiləşdirilmiş müalicə strategiyalarının inkişafına imkan yaradır. Müasir yanaşmalar epigenetik mexanizmlerin hedeflenmesi ilə şiş hüceyrələrinin yenidən proqramlaşdırılmasını və müalicəyə həssaslığın artırılmasına yönelmiştir. Buna görə pankreas xərçəngində epigenetik modifikasiyaların araşdırılması gələcəkdə daha effektiv və hədəfli terapiyaların formalaşdırılması baxımından böyük perspektiv vəd edir.”
Seminarda həmçinin pankreas xərçəngində şiş mikroətrafı (tumor microenvironment), rezektabillik meyarları və kompleks müalicə yanaşmaları haqqında müasir elmi məlumatlar təqdim edilmişdir.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılmış, mövzu ətrafında elmi müzakirələr aparılmışdır. Odlar Yurdu Universiteti gələcəkdə də bu kimi beynəlxalq elmi əməkdaşlıqları davam etdirərək tələbə və müəllim heyətinin elmi potensialının inkişafına töhfə verməyi qarşısına məqsəd qoyur.
İnformasiya və ictimaiyyətlə əlaqələr departamenti
(+994 55) 465 85 27