OYU-da “Zəkanın Gözündən – 2: Zərifə Əliyeva xatirə yarışı” keçirilib

18 Aprel, 2026

121
OYU-da “Zəkanın Gözündən – 2: Zərifə Əliyeva xatirə yarışı” keçirilib

Odlar Yurdu Universitetinin Tələbə Elmi Cəmiyyətinin və Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı, həmçinin Consensus Təlim və Tədris Mərkəzinin tərəfdaşlığı ilə ali təhsil müəssisələri arasında akademik Zərifə Əliyevanın 103-cü ildönümünə həsr olunmuş “Zəkanın Gözündən – 2: Zərifə Əliyeva xatirə yarışı” adlı məntiq və bilik yarışı keçirilmişdir.

Yarışda ölkənin 19 ali təhsil müəssisəsindən 24 komanda olmaqla ümumilikdə 133 tələbə iştirak etmişdir. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarış iştirakçıların bilik və məntiq bacarıqlarının nümayişi ilə yadda qalmışdır.

Yarışın nəticələrinə əsasən:
III yerə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Invictus Maneo” komandası,
II yerə Bakı Dövlət Universitetinin “Təpəgöz” komandası,
I yerə isə Bakı Ali Neft Məktəbinin “Promotey” komandası layiq görülmüşdür.

Qalib komandalar Odlar Yurdu Universiteti tərəfindən diplom, medal və kubokla təltif olunmuşdur. Eyni zamanda, Consensus Təlim və Tədris Mərkəzi tərəfindən iştirakçılara xüsusi endirim kuponları təqdim edilmişdir. Keçirilən bu cür intellektual yarışlar tələbələrin elmi dünyagörüşünün genişlənməsinə, məntiqi düşüncə və komanda işinin inkişafına mühüm töhfə verir.

İnformasiya və ictimaiyyətlə əlaqələr departamenti
(+994 55) 465 85 27