Odlar Yurdu Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı və Strateji inkişaf və karyera departamentinin birgə təşəbbüsü ilə “Dəyişən dünya və dəyişməyən dəyərlər” adlı elmi-maarifləndirici layihə keçirilmişdir.
Tədbir çərçivəsində müasir dövrdə dəyərlərin transformasiyası, fəlsəfi baxış bucaqları və cəmiyyətin dəyişən prioritetləri geniş şəkildə təhlil olunmuş, iştirakçılarla interaktiv müzakirələr aparılmışdır. Layihənin qonağı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Müşfiq Ötgün çıxışı ilə iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır. O bildirib ki, ruhən siz okean kimisiniz – öz vaxtınıza, həyatınıza və yanınızdakı insanlara sahib çıxmalısınız. Hər kəs fərqlidir və siz də fərqlisiniz. Heç kimin taleyi ilə mübahisə etmədən, öz orijinallığınıza sahib çıxmalısınız:
"Bu gün cəmiyyətə baxanda görürük ki, insanlar bir-birinə bənzəməyə çalışır. Şəhərə girirsiniz, görürsünüz ki, makiyajlar, təbəssümlər, davranışlar – hamısı eyniləşib. Halbuki insanın dəyəri onun özünəməxsus olmasındadır. İnsan pis də olsa, özüdürsə, bu, başqasının surəti olmaqdan daha dəyərlidir. Həqiqi kamillik anlayışı çox vaxt yanlış başa düşülür. Cahil insan kamilliyi qüsursuzluq kimi təsəvvür edir, amma kamil insan bilir ki, kamillik qüsursuz olmaq deyil. Əksinə, insan özünü tanıdıqca, zəif tərəflərini qəbul etdikcə inkişaf edir. İnsan öz həyatında narahatlıq, hüzursuzluq hiss edirsə, bu, onun hələ özünü tapmadığını göstərir. İnsan özünü tanımağa başlayanda isə həyatında tədricən xoşbəxtlik yaranır. Təəssüf ki, cəmiyyətdə insanlara çox vaxt hazır istəklər aşılanır. İnsanlar ürəklərindən uzaqlaşır, başqalarının gözləntiləri ilə yaşayırlar. Halbuki insanın inkişafı onun öz ürəyini dinləməsi ilə başlayır. Poeziya, musiqi, rəssamlıq – bunlar insanın özünü dərk etməsinə kömək edir".
Müşfiq Ötgün həmçinin bildirib ki, əslində, insanın bütün axtarışları Allahı tapmaq istiqamətindədir. Amma çox vaxt bunu fərqli arzularla – şöhrət, uğur, tanınmaq istəyi ilə əvəz edirik. İnsan daxilən təmizləndikcə və ona aşılanan yalançı istəklərdən azad olduqca, həqiqətə daha da yaxınlaşır. Elm də məcburiyyətlə deyil, ehtiyacla öyrənilməlidir:
"Necə ki, susamayan insana zorla su içirtmək olmaz, eləcə də elmə maraq zorla yaradıla bilməz. Bu maraq insanın daxilində oyanmalıdır. Təhsil sistemi də bunu nəzərə almalıdır. Əsl təhsil insanın özü üçün oxumasıdır, başqalarına göstərmək üçün deyil. Oxuduğun kitab sənin daxili ehtiyacından doğmalıdır, cəmiyyətin diktə etdiyi “populyar” seçimlərdən yox. Cəmiyyətimizdə çox vaxt şikayət edən, istehlakçı düşüncəli insanlar yetişir. Halbuki insan yaradıcı olmalı, istehsal etməli, dəyər yaratmalıdır. Həqiqi inkişaf da məhz buradan başlayır.”
İnsan bəzən elm öyrənmək istəmir, baxır ki, artıq 3-cü kurs tələbəsidir, amma elmə marağı yoxdur deyən Müşfiq Ötgün həmçinin vurğulayıb ki, bu, ona aşılanan yanaşmadan irəli gəlir. İnsanlar cahil olduqda isə öz ürəklərindən uzaq düşürlər:
"Cahil insanlar kamilliyi çox vaxt yanlış və bəsit təsəvvürlərlə anlayırlar. Halbuki kamil insan belə düşünmür. Kamillik əslində qüsursuzluq deyil, həqiqəti dərk etməkdir. Həqiqət qəlblə bağlıdır; cahil insan isə daha çox qorxu ilə idarə olunur və bu səbəbdən həqiqətdən uzaqlaşır. Kamil insan isə həqiqətdən əl çəkmir. Həqiqi insan zahiri ilə deyil, daxili ilə yaşayır. Kamillik maniyası isə insanı yanlış istiqamətə aparır. Peyğəmbərlər belə qorxunun insanı dəyərindən ayırmadığını göstərirlər. Məsələn, Eyyub peyğəmbər çox böyük sınaqlardan keçmişdir. O, ağır bəlalara məruz qalsa da, bunu Allahdan gələn bir imtahan kimi qəbul etmişdir. İnsan əzab içində belə üsyan etməməli, bu sınaqların mənasını anlamağa çalışmalıdır.”
İnformasiya və ictimaiyyətlə əlaqələr departamenti
(+994 55) 465 85 27