Samir Vəliyev: “Naxçıvana qarşı terror aktı dünya tərəfindən pislənilir”

06 Mart, 2026

Samir Vəliyev: “Naxçıvana qarşı terror aktı dünya tərəfindən pislənilir”

Dünya ölkələri Azərbaycanın həssas ərazisi olan Naxçıvana İran tərəfindən pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilən terror aktını pisləmişlər. Hətta Almaniya Prezidenti İranın terror dövləti kimi tanınması təklifi ilə çıxış etmişdir. Bu fakt bir daha göstərir ki, İran etibarlı qonşuluq siyasəti həyata keçirən ölkə deyil.

Bu fikirləri Odlar Yurdu Universitetinin İdarəetmə Şurasının sədri, professor, Milli Məclisin üzvü Samir Vəliyev Space TV kanalında yayımlanan "Space Xəbərin Xüsusi Buraxılışı" verilişinin qonağı olarkən bildirib. Onun sözlərinə görə, son 200 illik dövrə nəzər salsaq, XIX əsrdən etibarən Qacar İranı ilə Rusiya arasında imzalanmış Türkmənçay və Gülüstan müqavilələrindən sonra Azərbaycan–İran münasibətləri heç vaxt tam sabit və hamar olmamışdır. 1979-cu ildə İranda baş vermiş inqilab və şah rejiminin dəyişməsi, teokratik rejimin hakimiyyətə gəlməsi də bu münasibətlərdə müsbət dəyişiklik vəd etməmişdir:

"Qeyd etdiyiniz kimi, İran daxilində yaşayan cənubi azərbaycanlıların ana dilində danışması və təhsil alması ilə bağlı məhdudiyyətlər yaranmışdır. Faktiki olaraq İranda yaşayan təxminən 40 milyon azərbaycanlıya qarşı elə bir siyasət yürüdülmüşdür ki, bu siyasətin əsas məqsədi onların azərbaycançılıq kimliyini və ana dillərini unutdurmaq olmuşdur. Təəssüf ki, bu siyasət bu gün də davam edir. Eyni zamanda qeyd etmək lazımdır ki, İran heç də etibarlı tərəfdaş kimi çıxış etməmişdir. Azərbaycanın həssas bölgəsi olan Naxçıvana qarşı törədilən terror aktı da buna nümunə kimi göstərilə bilər. Mən hesab edirəm ki, bu hadisə Azərbaycana qarşı ciddi haqsızlıq və təxribatdır. Çünki Azərbaycan dövləti və ölkə Prezidenti cənab İlham Əliyev hər zaman İranla münasibətlərdə qonşuluq və dostluq prinsiplərinə sadiq qalmağa çalışmışdır. Hətta İranda baş verən hadisələr zamanı Prezident İranın Azərbaycandakı səfirliyinə gedərək başsağlığı vermiş, İranı daim dost və qonşu ölkə kimi təqdim etmişdir. Lakin görünür ki, İranın əsl mövqeyi baş vermiş terror aktı zamanı daha açıq şəkildə üzə çıxmışdır".

Samir Vəliyev həmçinin bildirib ki, bu gün ölkə Prezidenti Təhlükəsizlik Şurasının iclasını keçirərək törədilən terror aktını ciddi şəkildə pisləmişdir. Eyni zamanda bu terror aktını törədən şəxslərin mütləq müəyyən olunaraq cəzalandırılması tələbini irəli sürmüşdür:

"Prezident çıxışında bir sıra mühüm mesajlar da səsləndirmişdir. Bu mesajlar sırasında Naxçıvanın və ümumilikdə Azərbaycanın cənubi azərbaycanlılar üçün bir ümid yeri olduğu vurğulanmışdır. Bu mesajın arxasında kifayət qədər ciddi siyasi və strateji məqamlar dayanır və hesab edirəm ki, bu, eyni zamanda Cənubi Azərbaycanda yaşayan soydaşlarımıza ünvanlanmış mühüm bir mesajdır".