Odlar Yurdu Universitetinin Filologiya və humanitar fənlər kafedrasının təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş elmi-bədii tədbir keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunmuş, Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Proqram çərçivəsində Odlar Yurdu Universitetinin tələbələri tərəfindən hazırlanmış videoçarx nümayiş olunmuşdur. Videoçarxda şəhər sakinləri və universitet tələbələri arasında aparılan sorğular vasitəsilə Səməd Vurğunun irsinin müxtəlif nəsillər üçün nə ifadə etdiyi əks etdirilmişdir. Bu yanaşma tədbirə interaktiv və müasir təqdimat elementi qazandırmışdır.
Universitetin rektoru, professor Əhməd Vəliyev çıxışında qeyd etmişdir ki, dahilərin doğum tarixi onların başlanğıcı, ölüm tarixi isə əbədilik tarixidir:
“Səməd Vurğun bu gün də yaşayır və belə yaradıcı insanları daim yad etmək lazımdır.”
O, həmçinin şairin yaradıcılığının gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında mühüm rol oynadığını vurğulamışdır.
Filologiya və humanitar fənlər kafedrasının müdiri, professor Rüstəm Rəsulov çıxışında bildirmişdir ki, Səməd Vurğun Azərbaycan xalqının tanıtım simalarından biridir və onun irsi milli kimliyin, ədəbi-estetik düşüncənin formalaşmasında mühüm yer tutur. O qeyd etmişdir ki, klassik ədəbiyyatın təbliği gənclərin milli dəyərlərə bağlılığının gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Şairin ailə üzvü, ev-muzeyinin direktoru, şairin nəticəsi Vurğun Vəkilov tədbirdə iştirak edərək proqramı yüksək qiymətləndirmiş, xüsusilə “Vaqif” pyesinin səhnələşdirilməsini təqdir etmiş və bu kimi bədii təqdimatların davamlı təşkilinin vacibliyini vurğulamışdır.
Tədbirdə həmçinin “Azərbaycan” jurnalının baş redaktor müavini Südabə Ağabalayeva, fakültə dekanı Nuridə Muxtarzadə və digər qonaqlar çıxış edərək Səməd Vurğunun Azərbaycan ədəbiyyatında tutduğu mövqe, onun əsərlərinin milli düşüncənin formalaşmasında rolu və müasir dövrdə aktuallığı haqqında fikirlərini bölüşmüşlər.
Tədbirin bədii hissəsi iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanmışdır. Belə ki, Vaqif pyesindən səhnə nümayiş etdirilmiş, saz deyişməsi formasında musiqili-bədii kompozisiya təqdim olunmuş, tələbələrin ifasında şeirlər səsləndirilmişdir. Bu çıxışlar tədbirə xüsusi emosional və estetik rəng qatmışdır.
Qeyd edək ki, tədbirin təşkilatçısı Fidan Əli-zadə, təşkilati dəstək isə Leyla Haqverdiyeva tərəfindən həyata keçirilmişdir. Bu kimi tədbirlərin keçirilməsi milli ədəbi irsin təbliği, klassiklərin yaradıcılığına marağın artırılması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət daşıyır.