OYU-da rəqəmsal iqtisadiyyat və sahibkarlığın inkişafı müzakirə olundu

15 Aprel, 2026

113
OYU-da rəqəmsal iqtisadiyyat və sahibkarlığın inkişafı müzakirə olundu

Bu gün tarixində Odlar Yurdu Universitetində İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının təşkilatçılığı ilə “Rəqəmsal iqtisadiyyat şəraitində sahibkarlığın inkişaf mexanizmləri” mövzusunda elmi-praktik seminar keçirildi.

Seminarın əsas məqsədi rəqəmsal iqtisadiyyatın müasir sahibkarlıq mühitinə təsirinin araşdırılması, bu sahədə mövcud problemlərin və inkişaf perspektivlərinin müzakirəsi, elmi yanaşmalarla praktiki təcrübələrin bir araya gətirilməsi olmuşdur. Tədbirdə universitetin akademik heyəti, tədqiqatçılar, doktorantlar, magistrantlar və tələbələr iştirak etmişdir. Seminar çərçivəsində rəqəmsallaşmanın sahibkarlığın inkişafında rolu, innovativ texnologiyaların tətbiqi, investisiya mühiti və startap ekosistemi geniş şəkildə müzakirə olunmuşdur.

Seminarın spikerləri – OYU İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının əməkdaşı, i.ü.f.d. Əfqan Musayev, Milli Depozit Mərkəzinin müşahidə şurasının üzvü, UNİ Kapital İnvestisiya şirkətinin baş direktoru, i.ü.f.d. Vüqar Namazov və OYU İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının əməkdaşı, i.ü.f.d. Ayşən Vəlibəyli çıxışlarında rəqəmsal iqtisadiyyatın inkişaf tendensiyaları, Azərbaycan bazarında mövcud vəziyyət, startap ekosistemi, investisiya mühiti və rəqəmsallaşmanın praktiki tətbiqləri barədə ətraflı məlumat vermişlər.

Çıxışlar zamanı qeyd olunmuşdur ki, Azərbaycanda rəqəmsallaşma istiqamətində müəyyən irəliləyişlər müşahidə olunsa da, hüquqi baza, statistik uçot, infrastruktur və rəqəmsal savadlılıq sahələrində hələ də müəyyən problemlər mövcuddur. Xüsusilə, maliyyə bazarlarında şəffaflığın artırılması, investisiya mədəniyyətinin formalaşdırılması və rəqəmsal platformaların inkişafı vacib istiqamətlər kimi vurğulanmışdır.

Spikerlər tərəfindən bildirilib ki, rəqəmsal sahibkarlıq bazara giriş imkanlarını genişləndirir, innovativ məhsul və xidmətlərin yaranmasına şərait yaradır və qlobal bazarlara çıxışı asanlaşdırır. Bununla yanaşı, kibertəhlükəsizlik riskləri, hüquqi tənzimləmə boşluqları və uğurlu startapların sayının azlığı kimi problemlər də aktuallığını qoruyur. Eyni zamanda qeyd olunub ki, Azərbaycanda rəqəmsal məhsulların ixracı hələlik aşağı səviyyədədir və bu istiqamətdə daha sistemli yanaşmaya ehtiyac var. Bank sektorunda isə rəqəmsal həllərin tətbiqi, xüsusilə KYC və AML mexanizmləri müsbət nümunə kimi qiymətləndirilmişdir.

Seminar iştirakçıların aktiv müzakirələri və sual-cavab sessiyası ilə davam etmiş, qarşılıqlı fikir mübadiləsi şəraitində başa çatmışdır.

Qeyd edək ki, Odlar Yurdu Universiteti gələcəkdə də rəqəmsal iqtisadiyyat və innovasiya mövzularında bu cür elmi-praktik tədbirlərin keçirilməsini davam etdirməyi planlaşdırır.