OYU tələbələri üçün maarifləndirici ekskursiya: Atəşgah məbədi ziyarət edilib

12 Aprel, 2026

73
OYU tələbələri üçün maarifləndirici ekskursiya: Atəşgah məbədi ziyarət edilib

Odlar Yurdu Universitetində tədrisin praktik yönümlü təşkili istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Filologiya və humanitar fənlər kafedrasının təşəbbüsü ilə tələbələr üçün maarifləndirici ekskursiya təşkil olunub. Ekskursiya zamanı universitetin 960 X1 qrupunun tələbələri Suraxanı qəsəbəsində yerləşən Atəşgah məbədini ziyarət ediblər.

Səfər Filologiya və humanitar fənlər kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Ülviyyə Mehralıyevanın rəhbərliyi ilə baş tutub və “Milli dinlər” mövzusu üzrə keçirilən dərslərin praktik davamı kimi təşkil olunub.

Ekskursiyanın əsas məqsədi tələbələrin qədim dini-fəlsəfi təlimlər haqqında nəzəri biliklərini real tarixi məkan üzərində möhkəmləndirmək, onların müqayisəli düşünmə bacarıqlarını inkişaf etdirmək və milli-mədəni irsə maraqlarını artırmaq olub.

Ziyarət zamanı tələbələrə məbədin yaranma tarixi, onun qədim dövrlərdə zərdüştlük və od kultu ilə bağlı rolu barədə geniş məlumat verilib. Qeyd olunub ki, bu ərazi tarix boyu “əbədi alov” məkanı kimi tanınaraq müxtəlif xalqların dini-mənəvi həyatında mühüm yer tutub.

Ekskursiya interaktiv müzakirələr və sual-cavab sessiyaları ilə müşayiət olunub. Tələbələr qədim inanclar, odun müqəddəs sayılmasının səbəbləri və bu ənənələrin müasir dövrdəki əksi barədə fikir mübadiləsi aparıblar.

Ülviyyə Mehralıyeva bildirib ki, bu kimi səfərlər tələbələrin nəzəri biliklərini canlı müşahidə ilə əlaqələndirməyə imkan yaradır, eyni zamanda onların analitik və tənqidi düşünmə bacarıqlarının inkişafına müsbət təsir göstərir.

Ekskursiya tələbələr tərəfindən böyük maraqla qarşılanıb və onlar üçün həm maarifləndirici, həm də yaddaqalan təcrübəyə çevrilib.