Odlar Yurdu Universitetinin magistr tələbələri Cenevrədə beynəlxalq uğura imza atıb

13 Aprel, 2026

56
Odlar Yurdu Universitetinin magistr tələbələri Cenevrədə beynəlxalq uğura imza atıb

Odlar Yurdu Universitetinin I kurs magistr tələbələri Nurlan Abdullayev və Tuncay İsgəndərlinin daxil olduğu komanda İsveçrənin Cenevrə şəhərində keçirilən 51-ci Beynəlxalq İxtiralar Sərgisində Azərbaycanı uğurla təmsil edərək yüksək nailiyyət qazanıb.

Azərbaycan bu mötəbər beynəlxalq platformada mühəndislik, kosmik texnologiyalar, tibb və aqrotexnologiya sahələrini əhatə edən 5 startap layihəsi ilə təmsil olunub. Sərgidə Odlar Yurdu Universitetinin nümayəndələrinin də daxil olduğu komandanın təqdim etdiyi “A.I.N.O.S” layihəsi qızıl medala, “Smart Bed System” layihəsi isə gümüş medala layiq görülüb.

“A.I.N.O.S” (Qızıl medal)
Kosmik müşahidə sahəsində innovativ həll kimi qiymətləndirilən bu sistem mürəkkəb astrofiziki hesablamalar və dəqiq trayektoriya modelləri əsasında göy cisimlərinin real vaxt rejimində izlənilməsini təmin edir. Lazer və yüksək həssaslıqlı optik kamera texnologiyası ilə təchiz olunan sistem 16.3 parsek məsafəyədək ulduz və digər səma obyektlərini müşahidə edə bilir. Eyni zamanda koordinat transformasiyası alqoritmləri vasitəsilə əldə olunan məlumatlar operativ şəkildə monitorinq sisteminə ötürülür.

“Smart Bed System” (Gümüş medal)
Həm Beynəlxalq Kosmik Stansiyada (ISS) fəaliyyət göstərən astronavtlar, həm də yer səthində xroniki və Alzheimer xəstələri üçün nəzərdə tutulmuş bu intellektual yataq sistemi tibbi monitorinq sahəsində innovativ yanaşma təqdim edir. Layihənin əsas üstünlüyü ondan ibarətdir ki, kosmik mühit üçün nəzərdə tutulan modullarda ənənəvi kabel sistemləri əvəzinə süni maqnit sahəsi texnologiyasından istifadə olunur. Bu yanaşma mikrqravitasiya şəraitində yaranan əzələ itkisini minimuma endirməyə imkan verir. Sistem eyni zamanda qan təzyiqi, yuxu rejimi və oksigen səviyyəsini izləyir, həmçinin avtomatlaşdırılmış dərman hazırlanması funksiyasına malikdir.

Əldə olunan bu uğur Azərbaycanlı gənc tədqiqatçıların və alimlərin beynəlxalq innovasiya mühitində yüksək rəqabət qabiliyyətinə malik olduğunu bir daha təsdiqləyir. Bununla yanaşı, nailiyyət ölkəmizin elmi-texnoloji potensialının beynəlxalq səviyyədə tanıdılmasına mühüm töhfə verir.

Qeyd edək ki, Azərbaycan bu nüfuzlu sərgidə ilk dəfə iştirak edib. Komandaların sərgidə iştirakı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilib. 30-dan çox ölkədən 1000-dən artıq ixtiranın təqdim olunduğu sərgidə innovasiya, elm və texnologiya sahəsində ən perspektivli layihələr beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirilib.

 

İnformasiya və ictimaiyyətlə əlaqələr departamenti
(+994 55) 465 85 27