OYU-da “Emosional intellekt və sosial bacarıqlar” mövzusunda elmi-metodik seminar keçirilib

13 Aprel, 2026

77
OYU-da “Emosional intellekt və sosial bacarıqlar” mövzusunda elmi-metodik seminar keçirilib

Bu gün Odlar Yurdu Universitetində Psixologiya, pedaqogika və sosial fənnlər kafedrasının təşkilatçılığı ilə “Emosional intellekt və sosial bacarıqlar” mövzusunda elmi-metodik seminar keçirilib.

Seminarda kafedranın müdiri, professor Rəşid Cabbarov və OYU-nun doktorantı, müəllim Firəngiz Babayeva çıxış ediblər. Professor Rəşid Cabbarov öz çıxışında müasir dövrdə emosional intellektin cəmiyyət və təhsil sistemində artan rolundan bəhs edərək, bu bacarıqların yalnız akademik biliklərlə məhdudlaşmadığını, eyni zamanda fərdin sosial mühitdə uğur qazanması üçün vacib amillərdən biri olduğunu vurğulayıb.

Daha sonra çıxış edən Firəngiz Babayeva təqdimatında emosional intellekt anlayışını geniş şəkildə izah edib, onun əsas komponentləri — özünü tanıma, özünü idarəetmə, motivasiya, empatiya və sosial bacarıqlar haqqında ətraflı məlumat verib. O qeyd edib ki, emosional intellekt insanın öz emosiyalarını tanıması və idarə etməsi, başqalarının hisslərini anlamaq və sağlam sosial münasibətlər qurmaq bacarığını əhatə edir .

Seminar çərçivəsində həmçinin effektiv ünsiyyət, aktiv dinləmə, komanda işi, liderlik və konfliktlərin düzgün idarə olunması kimi sosial bacarıqların inkişaf etdirilməsinin əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılıb. Bildirilib ki, bu bacarıqların formalaşdırılması tələbələrin gələcək peşə fəaliyyətində uğur əldə etməsində mühüm rol oynayır.

Tədbirin sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb. Seminar tələbə və müəllimlər tərəfindən böyük maraqla qarşılanıb və onların şəxsi və peşəkar inkişafına töhfə verən faydalı elmi platforma kimi dəyərləndirilib.