Professor Elşad Məmmədovla MÜSAHİBƏ: Müasir ali təhsil və əmək bazarının çağırışları

08 May, 2026

260
Professor Elşad Məmmədovla MÜSAHİBƏ: Müasir ali təhsil və əmək bazarının çağırışları

Odlar Yurdu Universitetinin Beynəlxalq əlaqələr və strateji inkişaf üzrə prorektor, “İqtisadiyyat və iqtisadi münasibətlər” kafedrasının müdiri, i.e.d., professor Elşad Məmmədov ilə Odlar Yurdu Universitetinin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri, jurnalist Pərvanə Fərhadqızının müsahibəsi baş tutub.

Professor Elşad Məmmədov müsahibə zamanı ali təhsil müəssisələrində rəqabətqabiliyyətli mühitin qorunması, beynəlxalq əlaqələrin genişləndirilməsi, Odlar Yurdu Universitetinin beynəlxalq əməkdaşlıq strategiyası, müasir çağırışlara cavab verə biləcək inkişaf modelləri, strateji yanaşmalar və tətbiq ediləcək mexanizmlərlə bağlı mühüm fikirlər səsləndirdi.

 

SUAL: Odlar Yurdu Universitetində Strateji inkişaf və beynəlxalq əlaqələr üzrə prorektor kimi əsas prioritetləriniz hansılardır?

CAVAB: Bildiyiniz kimi, bu gün təhsil məkanında formalaşan çağırışlar, eyni zamanda əmək bazarının uzunmüddətli proqnozlaşdırılması ilə bağlı məsələlər ali məktəblər qarşısında yeni vəzifələr qoyur. Bu çağırışlar kontekstində ali təhsil müəssisələrinin uzunmüddətli dövrdə rəqabətqabiliyyətliliyinin qorunması, beynəlxalq müstəvidə baş verən innovativ proseslərə adekvat cavab verilməsi və universitetlərin beynəlxalq əməkdaşlıq çərçivəsində mövqelərinin daha da gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Bu baxımdan Odlar Yurdu Universiteti olaraq biz də universitetimizin qısa, orta və uzunmüddətli çağırışlara cavab verə biləcək yanaşmalarını formalaşdırmışıq. Hesab edirəm ki, hazırkı şəraitdə inkişafla bağlı proqnozların müəyyənləşdirilməsi və uzunmüddətli yanaşmaların hazırlanması zamanı tətbiq ediləcək mexanizmlər universitetimizin rəqabət qabiliyyətinin qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Məhz buna görə də strateji inkişaf və beynəlxalq əlaqələr istiqamətində görülən işlər universitetimizin mövqeyinin daha da güclənməsinə xidmət göstərir

 

SUAL: Müasir dövrdə iqtisadi təhsilin rolu necə dəyişir? Azərbaycanda iqtisadi kadr hazırlığında əsas çağırışlar nələrdir?

CAVAB: Bildiyiniz kimi, iqtisadiyyatda çox dərin və tektonik dəyişikliklər baş verir. Bu dəyişikliklər isə təbii olaraq iqtisadi təhsil qarşısında yeni çağırışlar formalaşdırır. Bu gün biz görürük ki, innovativ yanaşmaların sürətli tətbiqi iqtisadi artımın əsasını təşkil edir. Belə olan halda iqtisadi təhsil də bu proseslərə uyğunlaşmalı, hətta bəzi hallarda proaktiv yanaşma nümayiş etdirməlidir.

Yəni əmək bazarı ilə bağlı gözləntilərin qarşılanması üçün qabaqlayıcı addımların atılması vacibdir. Mən düşünürəm ki, bütün bunlar iqtisadi təhsil qarşısında dayanan əsas çağırışlardır və onların adekvat şəkildə cavablandırılması ali təhsil müəssisələrinin başlıca missiyalarından biridir.

 

SUAL: Universitet məzunlarının əmək bazarında uğur qazanması üçün hansı addımlar atılır?

CAVAB: Universitet məzunlarının əmək bazarına uyğunlaşması və əmək bazarında formalaşan yeni yanaşmalara adekvat şəkildə hazırlanması universitet qarşısında dayanan əsas vəzifələrdəndir. Hesab edirəm ki, təhsil proqramlarının hazırlanması və həyata keçirilən fəaliyyətlər zamanı əmək bazarı ilə sıx əlaqədə olmaq olduqca vacibdir.

Bu baxımdan həm aidiyyəti dövlət qurumları, həm də özəl sektor və biznes mühiti ilə əməkdaşlığımızı daha da gücləndirməliyik. Məqsəd odur ki, universitetin yetişdirdiyi mütəxəssislər bu günün, sabahın və uzunmüddətli perspektivdə formalaşacaq çağırışlara uyğun bacarıqlara malik olsunlar.

Eyni zamanda bir mühüm məqamı da qeyd etmək istərdim. Universitet məzunu ali təhsilini başa vurduqdan sonra əmək bazarında müstəqil fəaliyyət göstərir. Müasir dövrdə təhsilin davamlı xarakter alması səbəbindən universitetlə məzun arasındakı əlaqələrin qorunması xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə də fəaliyyətimizi gücləndirməli, məzunlarla kommunikasiyanın davamlılığını təmin etməliyik.

 

SUAL: Gənc müəllim və tədqiqatçılara nə kimi tövsiyələr verərdiniz?

CAVAB: Bu gün əmək bazarında çox sürətli dəyişikliklər baş verir. Belə olan halda gənc tədqiqatçılar üçün əsas tövsiyəm ondan ibarətdir ki, daim inkişafda olmaq lazımdır. Dayanmadan araşdırmaq, innovasiyaları izləmək və innovativ yanaşmaları həm əmək fəaliyyətində, həm tədris prosesində, həm də elmi-tədqiqat işlərində prioritet hesab etmək vacibdir. Düşünürəm ki, prioritetlər düzgün müəyyənləşdirilərsə, hər bir gənc öz gələcək fəaliyyətini daha effektiv şəkildə qura bilər.

 

SUAL: Dəyərli fikirləriniz və səmimi müsahibəniz üçün təşəkkür edirik. Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.

CAVAB: Mən də təşəkkür edirəm. Odlar Yurdu Universitetinin kollektivinə və tələbələrinə gələcək fəaliyyətlərində uğurlar arzulayıram. İnanıram ki, universitetimiz bundan sonra da innovativ inkişaf yolunda mühüm nailiyyətlər əldə edəcək.