OYU- da “Turizm işinin təşkili” ixtisası üzrə istehsalat təcrübəsinin yekun qiymətləndirilməsi keçirilib

09 May, 2026

134
OYU- da “Turizm işinin təşkili” ixtisası üzrə istehsalat təcrübəsinin yekun qiymətləndirilməsi keçirilib

Odlar Yurdu Universitetinin “Beynəlxalq münasibətlər və turizm” kafedrasında “Turizm işinin təşkili” ixtisası üzrə tələbələrin istehsalat təcrübəsinin yekun qiymətləndirilməsi mərhələsi 7–8 may 2026-cı il tarixlərində uğurla həyata keçirilib.

Qiymətləndirmə prosesində kafedranın professor-müəllim heyəti ilə yanaşı, turizm və otelçilik sektorunun nümayəndələri də iştirak edərək tələbələrin praktik hazırlıq səviyyəsini qiymətləndiriblər. Tədbirdə Səbinə Əliyeva – “Beynəlxalq münasibətlər və turizm” kafedrasının müdir müavini, həmçinin Aslan Əzimzadə – Strateji inkişaf və karyera departamentinin rəhbəri də iştirak ediblər.

Qiymətləndirmənin ilk günündə “Smart Hotels Group”un Keyfiyyət üzrə Nəzarət Meneceri Rzayev Əşrəf, ikinci günündə isə “Safran Hotel By Smart”ın direktoru Əliyarov İbrahim tələbələrin təqdimatlarını dinləyərək onların peşə hazırlığı, xidmət keyfiyyəti və praktik bilikləri barədə fikirlərini bölüşüblər. Tələbələr istehsalat təcrübəsi müddətində əldə etdikləri nəzəri bilikləri və praktiki bacarıqları təqdim edərək turizm və hotelçilik sahəsində formalaşan peşə kompetensiyalarını nümayiş etdiriblər. Onların təqdimatları zamanı qonaqpərvərlik sənayesində real iş mühitinə uyğun biliklərin mənimsənilməsi xüsusi olaraq vurğulanıb.

Qeyd edək ki, istehsalat təcrübəsinin yekun qiymətləndirilməsi tələbələrin əmək bazarına hazırlıq səviyyəsinin müəyyənləşdirilməsi və onların peşə bacarıqlarının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

 

İnformasiya və ictimaiyyətlə əlaqələr departamenti
(+994 55) 465 85 27