Odlar Yurdu Universiteti tələbəsinin Qahirədə beynəlxalq uğuru

20 Aprel, 2026

57
Odlar Yurdu Universiteti tələbəsinin Qahirədə beynəlxalq uğuru

Odlar Yurdu Universitetinin Təbiət və texnologiyalar fakültəsinin Biologiya ixtisası üzrə III kurs tələbəsi İlahə Osmanova beynəlxalq elmi mühitdə uğurlu çıxışı ilə seçilmişdir. Tələbəmiz Biologiya və Ekologiya kafedrasının baş müəllimi Münəvvər Səfərovanın elmi rəhbərliyi ilə Türkiyənin təşkilatçılığı altında Qahirə şəhərində keçirilən İKSAD beynəlxalq elmi konfransında iştirak etmişdir.

Konfrans çərçivəsində İlahə Osmanova aktual ekoloji problemlərə həsr olunmuş iki elmi məqalə ilə çıxış etmişdir. “Nəfəs aldığımız təhlükə” adlı məqaləsində atmosfer çirklənməsi və onun insan sağlamlığına təsiri geniş şəkildə təhlil olunmuş, “Radiasiyanın səssiz pıçıltısı - Səssiz qalan dünya” mövzusunda təqdimatında isə radiasiyanın ekosistemlərə və canlı orqanizmlərə uzunmüddətli təsirləri elmi əsaslarla izah edilmişdir. Tələbəmiz hər iki mövzu üzrə çıxışını türk dilində təqdim edərək beynəlxalq auditoriya qarşısında yüksək səviyyəli nitq və təqdimat bacarığını nümayiş etdirmişdir.

İştirak etdiyi konfransda göstərdiyi fəallıq və elmi yanaşmasına görə İlahə Osmanova rəsmi sertifikatla təltif olunmuşdur. Bu nailiyyət tələbəmizin elmi-tədqiqat sahəsində potensialını və Odlar Yurdu Universitetində aparılan tədris prosesinin keyfiyyətini bir daha nümayiş etdirir.

Odlar Yurdu Universiteti olaraq tələbəmizi bu mühüm uğur münasibətilə təbrik edir, gələcək elmi fəaliyyətində yeni nailiyyətlər arzulayırıq.