Ali təhsildə psixoloji təhlükəsizlik və müəllim–tələbə əməkdaşlığı müzakirə olunub

20 Aprel, 2026

38
Ali təhsildə psixoloji təhlükəsizlik və müəllim–tələbə əməkdaşlığı müzakirə olunub

Ali təhsildə tədris prosesinin keyfiyyətinin artırılması və tələbəyönümlü yanaşmanın gücləndirilməsi məqsədilə “Ali təhsildə psixoloji təhlükəsizlik və müəllim–tələbə əməkdaşlığı” mövzusunda maarifləndirici çıxış təşkil olunmuşdur.

Tədbirdə Psixologiya, pedaqogika və sosial fənnlər kafedrasının müdiri Professor Rəşid Cabbarov, Psixologiya,pedaqogika və sosial fənlər kafedrasının baş müəllimi Kosayeva Aytəkin və Psixologiya,pedaqogika və sosial fənlər kafedrasının müəllimi Kərimli Nusiya çıxış edərək mövzu ətrafında fikirlərini bölüşmüşlər. Çıxışlarda qeyd olunmuşdur ki, müasir təhsil sistemində əsas prioritet yalnız biliklərin ötürülməsi deyil, tələbənin bu bilikləri necə qavraması və onlarla necə qarşılıqlı əlaqə qurmasıdır. Bu baxımdan psixoloji təhlükəsizlik mühitinin yaradılması xüsusi əhəmiyyət daşıyır.

Vurğulanmışdır ki, psixoloji təhlükəsizlik tələbələrin öz fikirlərini sərbəst şəkildə ifadə etməsinə, sual verməsinə və tədris prosesində aktiv iştirakına şərait yaradır. Belə mühitdə müəllim ənənəvi nəzarətçi rolundan çıxaraq daha çox istiqamətverici və dəstəkləyici funksiyanı yerinə yetirir. Eyni zamanda, müəllim–tələbə əməkdaşlığının bu mühitdə öyrənmə prosesini stimullaşdıran əsas amillərdən biri olduğu diqqətə çatdırılmışdır. Bu yanaşma tələbəni passiv dinləyici mövqeyindən çıxararaq, onu təhsil prosesinin fəal iştirakçısına çevirir. Tədbir çərçivəsində iştirakçılar arasında fikir mübadiləsi aparılmış, ali təhsildə effektiv öyrənmə mühitinin formalaşdırılması istiqamətində müasir yanaşmalar müzakirə olunmuşdur.

Nəticə olaraq, qeyd edilmişdir ki, effektiv öyrənmə yalnız təqdim olunan məzmunla deyil, eyni zamanda formalaşdırılan psixoloji və pedaqoji mühitlə birbaşa bağlıdır.

 

İnformasiya və ictimaiyyətlə əlaqələr departamenti
(+994 55) 465 85 27