Odlar Yurdu Universiteti və XRİTDX-nin birgə təşkilatçılığı ilə növbəti master-klass keçirilib

06 May, 2026

68
Odlar Yurdu Universiteti və XRİTDX-nin birgə təşkilatçılığı ilə növbəti master-klass keçirilib

Odlar Yurdu Universiteti (OYU) ilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) arasında mövcud olan sıx əməkdaşlıq çərçivəsində tələbə və müəllim heyəti üçün nəzərdə tutulan master-klasslar seriyası uğurla davam edir.

Bu bün reallaşan növbəti təlim “Tətbiqlərin performans testləri” mövzusuna həsr olunub. Təlim XRİTDX-nin peşəkar mütəxəssisi Dilqəm Məmmədov tərəfindən təqdim edilib.

Təlimin əsas məqsədi iştirakçıları müasir proqram təminatlarının dözümlülük və sürət göstəricilərinin yoxlanılması metodları ilə tanış etmək olmuşdur. Tədbir zamanı Dilqəm Məmmədov tətbiqlərin performansının ölçülməsi meyarları, müasir test üsulları və bu sahədəki ən yeni praktiki yanaşmalar barədə geniş məlumat vermişdir. Nəzəri biliklər real layihələrdən gətirilən nümunələr və praktiki izahlarla möhkəmləndirilmişdir.

İnteraktiv formatda keçən görüşdə tələbələrin sualları cavablandırılmış, mövzu ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Odlar Yurdu Universiteti rəhbərliyi tədbirdə fəallıq nümayiş etdirən bütün müəllim və tələbələrə öz təşəkkürünü bildirir.

Qeyd edək ki, XRİTDX ilə birgə keçirilən bu qəbil master-klasslar universitetin İT və kibertəhlükəsizlik istiqamətində təhsil alan tələbələrinin praktiki biliklərinin artırılmasına və dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsinə xidmət edir.

 

İnformasiya və ictimaiyyətlə əlaqələr departamenti
(+994 55) 465 85 27