Odlar Yurdu Universitetində “Azərbaycanın memarı və xilaskarı – Zirvədəki imzamız: Heydər Əliyev” adlı konfrans keçirilib
Odlar Yurdu Universitetində Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin anılmasına həsr olunmuş “Azərbaycanın memarı və xilaskarı – Zirvədəki imzamız: Heydər Əliyev” adlı konfrans təşkil olunub. Tədbir universitetin foyesində yerləşən Ümummilli Lider Heydər Əliyevin büstü önündə gülqoyma mərasimi ilə başlayıb. Daha sonra professor-müəllim heyəti, tələbələr və qonaqların iştirakı ilə konfransın rəsmi hissəsi açıq elan edilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildikdən sonra Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Konfrans zamanı Ulu Öndərin həyat və çoxşaxəli dövlətçilik fəaliyyəti barədə videoçarx nümayiş olunub. Çıxışlarda Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki müstəsna xidmətləri, milli inkişaf strategiyasının formalaşdırılmasında rolu, gənclərə göstərdiyi diqqət və təhsilin inkişafına verdiyi böyük önəm xüsusi vurğulanıb.
Tədbir çərçivəsində tələbələrin çıxışları, şeir nümunələri və musiqi nömrələri iştirakçılar tərəfindən maraqla qarşılanıb və yüksək qiymətləndirilib. Eyni zamanda keçirilən müxtəlif müsabiqələrin qaliblərinə sertifikat, kubok və medallar təqdim olunub.
Konfrans iştirakçılar üçün həm maarifləndirici, həm də emosional baxımdan yaddaqalan anlarla yadda qalıb.
İnformasiya və ictimaiyyətlə əlaqələr departamenti
(+994 55) 465 85 27