Odlar Yurdu Universitetinin rektoru və prorektorları Özbəkistanın paytaxtı Daşkənddə işgüzar səfərdə

28 Noyabr, 2022

Odlar Yurdu Universitetinin rektoru və prorektorları Özbəkistanın paytaxtı Daşkənddə işgüzar səfərdə

24 noyabr 2022-ci ildə Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev, keyfiyyət təminatı və beynəlxalq əlaqələr üzrə prorektor, professor Fəxrəddin Məmmədov və elm və innovasiyalar üzrə prorektor, professor Tərlan Abdullayev "Ağıllı sistemlər və sənayenin avtomatlaşdırılması" adlı 12-ci dünya konfransında iştirak etmək üçün Özbəkistanın paytaxtı Daşkəndə səfər ediblər.
Konfransda Odlar Yurdu Universitetinin əməkdaşları 6 məqalə ilə çıxış etmişdir. Konfrans Özbəkistanın ən böyük universitetlərindən biri olan Daşkənd Dövlət Texniki Universitetində həyata keçirilmişdir.
26 noyabr, konfransın ikinci günü Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev və Daşkənd Dövlət Texniki Universitetinin rektoru, professor Turabjanov Sadritdin Maxamatdinoviç arasında elm, təhsil və sosial sahələri əhatə edən protokol imzalanmışdır. Protokol imzalanma mərasimində Daşkənd Dövlət Texniki Universitetinin rektoru, professor Turabjanov Sadritdin Maxamatdinoviç OYU-nun internet səhifəsindən lazım olan geniş və ətraflı məlumat aldığını bildirmişdir. Professor Əhməd Vəliyev Daşkənd Dövlət Texniki Universitetinin rektoru ilə görüşündən öz məmnunluğunu bildirmiş, sonra protokolun imzalanma tədbirinə keçid olunmuşdur.
Yuxarıda qeyd olunan tədbirlərdə həmçinin, OYU-nun keyfiyyət təminatı və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Fəxrəddin Məmmədov və Daşkənd Dövlət Texniki Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mannanov Uluqbek Vasikoviç iştirak etmişlər.
OYU-nun rektoru, professor Əhməd Vəliyev və keyfiyyət təminatı və beynəlxalq əlaqələr üzrə prorektor, professor Fəxrəddin Məmmədov Siemens şirkəti tərəfindən qurulan enerji laboratoriyasında 3D şəraitində qaz borularında qaz axıntısı ilə qazın daşıntısı olan prosesləri 3D şəraitində müşahidə etmişlər.
Professor Əhməd Vəliyevin Daşkənd səfəri davam etməkdədir.