Bu gün dəyərli ziyalımız, Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyevin doğum günüdür

29 Noyabr, 2022

Bu gün dəyərli ziyalımız, Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyevin doğum günüdür

Hər bir insanın həyat yolunu onun mənəvi dünyası, xarakteri müəyyən edir. Bəşər övladının mahiyyəti, mənəvi keyfiyyətləri həqiqətən də onun əməllərində, fəaliyyətində real təcəssümünü tapır. Dərk edilmiş məsuliyyətdən irəli gələn bu fəaliyyət həm də şəxsiyyət ucalığına qovuşmuş bu insanların cəmiyyətdəki layiqli mövqeyini, ictimai statusunu müəyyənləşdirir. Yəqin elə buna görədir ki, xeyirxah və alicənab insan kimi tanınaraq ömrün kamillik zirvəsinə yetişmək, bu dünyada iz qoymaq xoşbəxtliyi heç də hamıya nəsib olmur. Bu xoşbəxtliyi yaşayan dəyərli ziyalımızdır Əhməd müəllim. İnsan ömrü bir yola bənzəyir. İstər-istəməz müəyyən bir mənzildə ayaq saxlayıb arxaya boylanmalı, irəliyə nəzər salmalı olursan. Bu, bir növ insanın özünə hesabatı olsa da, əslində, cəmiyyət qarşısında hesabatdır. Əhməd müəllim şəxsiyyətinə, adına yaraşan ləyaqətli bir ömür yaşayıb, ad qazanıb. Bu bir həqiqətdir ki, elm və təhsilin inkişafına, çiçəklənməsinə yönəldilmiş həyat mənalı və ibrətamizdir. Faydalı və mənalı ömür isə heç vaxt unudulmur.
Prinsipiallığı, yüksək idarəçilik qabiliyyəti, tədqiqatçılıq əzmi və insani keyfiyyətləri ilə fərqlənən professor Əhməd Vəliyevi ad günü münasibəti ilə Odlar Yurdu kollektivi adından səmimi qəlbdən təbrik edir, bundan sonra da səmərəli elmi-pedaqoji fəaliyyətində uğurlar arzu edirik!