“Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası”nın təqdimat mərasimi keçirilmişdir

09 Dekabr, 2022

“Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası”nın təqdimat mərasimi keçirilmişdir

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsi əməkdaşlarının tərtib etdiyi “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası” çapdan çıxmışdır. Atlas 2022-ci il Azərbaycan Respublikasında “Şuşa ili” nə həsr olunmuşdur. 2015-2019-cu illərdə minə yaxın yaşayış məntəqəsindən dialektoloji atlasın tərtibi ilə bağlı material toplanmış, fonetik, leksik, qrammatik cəhətdən izoqlos verə bilən 692 yaşayış məntəqəsi kodlaşdırılmışdır. Azərbaycan, türk, rus, ingilis dillərində təqdim olunan “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası”nda regionun spesifik dialektoloji xüsusiyyətləri əks olunmuşdur.

Azərbaycan Milli Elmlər Akademiyasında “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası”nın təqdimat mərasimi keçirilmişdir. Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açıq elan etmiş və atlası Azərbaycan elminə verilən böyük bir töhfə kimi dəyərləndirmişdir. Daha sonra, AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli, Azərbaycan dialektologiyası şöbəsinin müdiri, dosent Kifayət İmamquliyeva, OYU-nun Filologiya və humanitar fənlər kafedrasının müdiri, akademik Nizami Cəfərov, professor Məhərrəm Məmmədli, professor Kərim Şükürov və b. məruzəçilər dinlənilmişdir. Təqdimat mərasimində OYU-nun Filologiya və humanitar fənlər kafedrasının müəllimi, fil.ü.f.d. Sevinc Qəmbərova və Filologiya ixtisası üzrə təhsil alan 3-cü kurs tələbələri Xatirə Vəliyeva, Səminə Şahnigarova, Şəlalə Abbasova və Pəri Muradlı iştirak etmişlər.