OYU-nun dosenti Aqrar İnnovasiya Festivalında iştirak etmişdir

30 Yanvar, 2023

OYU-nun dosenti Aqrar İnnovasiya Festivalında iştirak etmişdir
Odlar Yurdu Universitetinin Strateji planlaşdırma və layihələr departamentinin müdiri, dos. Fuad İbadov Kənd təsərrüfatı nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Ağdaş rayonunda bu ilin ilk Aqrar İnnovasiya Festivalında iştirak etmişdir.
“Ağdaş Yem Fabriki”nin ərazisində keçirilən festivalda Kənd təsərrüfatı nazirliyinin tabeliyində olan 10-dan çox qurum, eləcə də 50-dən çox yerli və xarici şirkət, həmçinin Mərkəzi Aran iqtisadi rayonunun və ətraf bölgələrin fermerləri iştirak etmişlər. Universitetimizin dosenti Fuad İbadov festivalda Irrigation.az şirkətini təmsil etmişdir.
Festivalda kənd təsərrüfatı təyinatlı müxtəlif pilotsuz uçuş aparatları, innovativ suvarma texnologiyaları, alternativ enerji mənbələri, pambıq əkinində tətbiq olunan yeni texnologiyalar, müasir texnologiyalar əsasında əldə olunmuş əkin materialları, bitki mühafizə vasitələri, yeni üsullar ilə yetişdirilmiş meyvə və tərəvəz nümunələri, yüksək qida göstəricilərinə malik yem bitkiləri, eləcə də bitki toxumu nümunələrinin nümayişi həyata keçirilmişdir. Festivalda həmçinin, məhsuldarlığın artırılmasında əhəmiyyətli rol oynayan müxtəlif gübrə və pestisidlər, texnika və aqreqatlar nümayiş olunmuş, qabaqcıl kənd təsərrüfatı təcrübələri barədə təlimlər, kənd təsərrüfatının inkişafına hədəflənən prioritet istiqamətlərə həsr olunmuş sessiyalar keçirilmişdir.