OYU-da “Yaşayan sevgi və ya əsl məhəbbət haqqında” adlı tədbir keçirilmişdir

18 Aprel, 2023

OYU-da “Yaşayan sevgi və ya əsl məhəbbət haqqında” adlı tədbir keçirilmişdir
Odlar Yurdu Universitetində Ümummilli Lider Heydər Əliyev və Zərifə xanım Əliyevanın 100 illik yubileylərinə həsr olunmuş “Yaşayan sevgi və ya əsl məhəbbət haqqında” adlı ədəbi-bədii tədbir keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır. Daha sonra Ümummilli Lider Heydər Əliyev və Zərifə xanım Əliyevanın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirin açılışında çıxış edən OYU-nun Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dos. Qabil Qafarov Azərbaycan oftalmologiya elmini beynəlxalq aləmdə tanıdan, oftalmologiya sahəsi üzrə ilk qadın akademik, tibb elmləri doktoru, professor, gözəl insan, fədakar ana Zərifə xanım Əliyevanın xidmətlərindən bəhs etmişdir.
Prorektor qeyd etmişdir ki, görkəmli dövlət və elm xadimi, bütün bilik və bacarığını xalqa xidmətə sərf etmiş Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım valideynlərinə layiqli bir övlad, məşhur alim, tanınmış həkim, istedadlı insan, sədaqətli ömür yoldaşı və qayğıkeş ana idi.
O, eyni zamanda, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - Ulu Öndər Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olmuşdur. Zərifə xanım Əliyevanın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur mənbəyidir.
Tədbirdə Odlar Yurdu Universitetinin prorektorları, departament və kafedra müdirləri, professor-müəllim heyəti, tələbələr və dəvət olunan qonaqlar iştirak etmişlər.
Daha sonra Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs edən qısametrajlı sənədli film nümayiş etdirilmişdir.
Sonda Odlar Yurdu Universiteti və Odlar Yurdu Kollecinin tələbələri tərəfindən “Yaşasın sevgi və əsl məhəbbət haqqında” adlı ədəbi-bədii kompozisiya təqdim olunmuşdur.