OYU-da Akademik Zərifə Əliyevanın yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir

27 Aprel, 2023

OYU-da Akademik Zərifə Əliyevanın yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir
Odlar Yurdu Universitetinin Biologiya və Ekologiya kafedrası və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir.
Tədbirdən öncə konfrans iştirakçıları Fəxri xiyabanda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini anmış, məzarı üzərinə tər çiçəklər düzmüşdülər.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır.
Daha sonra müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan qadınlarına xas olan ləyaqətli, şərəfli bir ömür yaşamış görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Odlar Yurdu Universitetinin Elmi işlər üzrə prorektoru, professor Tərlan Abdullayev çıxış edərək zəngin elmi irsi ilə Azərbaycan oftalmologiyasına mühüm töhfələr vermiş Zərifə Əliyevanın Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən danışmışdır.
Sonra OYU-nun Biologiya və Ekologiya kafedrasının a.e.f.d., dosenti Ramil Sadıqov çıxış edərək geniş dünyagörüşü, yüksək ziyalılığı, tədqiqatçılıq bacarığı ilə rəğbət qazanmış Zərifə Əliyevanın mənalı ömür yolunun hər bir azərbaycanlı üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğunu vurğulamışdır. Bildirilmişdir ki, Zərifə xanım yorulmaz fəaliyyəti ilə insanlara nur bəxş etmiş, onun şəfalı əlləri ilə minlərlə xəstə müalicə olunmuşdur.
Daha sonra görkəmli alim Zərifə Əliyevanın fəaliyyətini əks etdirən və tələbələrimiz tərəfindən hazırlanan sənədli film nümayiş etdirilmişdir.
Qeyd edək ki, konfransda Odlar Yurdu Universitetinin prorektorları, departament və kafedra müdirləri, professor-müəllim heyəti, tələbələr və dəvət olunan qonaqlar iştirak etmişlər.
Konfrans universitet tələbələrinin çıxışları və tələbəmizin ifasında sözləri Fikrət Qocaya, musiqisi Sevil Əliyevaya aid olan "Ana" mahnısı ilə yekunlaşmışdır.