Odlar Yurdu Universitetinin ev sahibliyi ilə və Fərqanə Dövlət Universitetinin dəstəyi ilə universitetimizdə "Özbəkistan Respublikasının mədəniyyətinə səyahət" adlı genişmiqyaslı tədbir təşkil olunmuşdur. Tədbir, iki qardaş ölkənin tarixi və mədəni əlaqələrini gücləndirmək məqsədini daşıyırdı.
Tədbir ənənəvi olaraq Ümummilli Lider Heydər Əliyevin büstünün önünə gül dəstələrinin qoyulması ilə başlamışdır. Daha sonra, Odlar Yurdu Universitetinin akt zalında Azərbaycan və Özbəkistan dövlət himnləri səsləndirilmiş və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə açılış nitqi ilə OYU-nun rektoru, professor Əhməd Vəliyev çıxış edərək, Azərbaycan və Özbəkistan arasındakı doğmalığı vurğulamışdır. O, tədbir iştirakçılarını və qonaqları səmimi şəkildə salamlayaraq, iki ölkə arasında qardaşlıq münasibətlərinin önəmini qeyd etmişdir. Ardınca Fərqanə Dövlət Universitetinin rektoru, professor Bahodirjon Şermuhammedov və Özbəkistan Respublikasının Azərbaycandakı səfiri Bahrom Aşrafxanov çıxış etmişlər. Çıxışlardan sonra qonaqlara Özbəkistanın mədəni, tarixi və mənəvi zənginliklərini əks etdirən videoçarxlar təqdim olunmuşdur. Eyni zamanda, iki ölkə prezidentlərinin qarşılıqlı səfərlərinə həsr olunmuş videoçarx da nümayiş etdirilmişdir.
Tədbirin rəsmi hissəsində elm və təhsil sahəsində OYU ilə FDU arasında ikitərəfli əməkdaşlıq haqqında protokol imzalanmışdır.
Tədbirin davamında qarşılıqlı olaraq fəxri adların və mükafatların təqdimatı baş tutmuşdur. OYU-nun rektoru, professor Əhməd Vəliyev tərəfindən Özbəkistan Respublikasının Azərbaycandakı səfiri Bahrom Aşrafxanova OYU-nun "fəxri qonağı" diplomu təqdim edilmişdir. FDU-nun rektoru professor Bahodirjon Şermuhammedova isə OYU-nun "fəxri professoru" diplomu təqdim olunmuşdur. Daha sonra, Fərqanə Dövlət Universitetinin rektoru professor Bahodirjon Şermuhammedov OYU-nun rektoru professor Əhməd Vəliyevi FDU-nun "fəxri professor" diplomu ilə təltif etmişdir. Eyni zamanda, Fərqanə Dövlət Universitetinin "fəxri professoru" diplomu Milli Məclisin deputatı, millət vəkili Samir Vəliyevə də təqdim olunmuşdur.
Tədbirin bədii hissəsində Fərqanə Dövlət Universitetinin və Odlar Yurdu Universitetinin tələbələri maraqlı mədəni proqramlar təqdim etmişlər. FDU tələbələri özbək toy mərasimini, "Üz açar", "Gəlin salam" və "Yallı" rəqslərini nümayiş etdirmişlər. OYU tələbələri isə qonaqları salamlayaraq Azərbaycan və özbək dillərində çıxışlarını həyata keçirmişlər. Daha sonra isə Nizami Gəncəvinin və onun davamçısı olan özbək klassiki Əlişir Nəvainin xəmsələrindən kiçik səhnələşdirmiş kompozisiya təqdim etmişlər. Tədbir iştirakçıları səhnəyə dəvət olunaraq bir yerdə "Biz mehriban ailəyik" mahnısını ifa etmişlər.
Tədbir zamanı həmçinin FDU və OYU-nun müəllim və tələbələrinin əl işlərindən ibarət sərgiyə baxış keçirilmişdir. Sərgidə özbəkistanlı tələbələr tərəfindən boşqabların üzərinə iynə-sap və fırça ilə naxışların vurulması, həmçinin, gəlinciklərin hazırlanması texnikasının sirləri nümayiş olunmuşdur. Nahar fasiləsində Bakıda yerləşən Fərqanə restoranının təşkil etdiyi özbək milli mətbəxinin ləziz təamları tədbir iştirakçılarına və qonaqlara təklif olunmuşdur.
Tədbirdən sonra Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev qonaqları universitetin imkanları ilə tanış etmişdir. O, universitetin maddi-texniki bazası, müasir təhsil infrastrukturu, tədqiqat imkanları və tələbələrin akademik nailiyyətləri haqqında ətraflı məlumat vermişdir. Rektor, iştirakçılara universitetin beynəlxalq əlaqələrini, eləcə də Özbəkistanla olan əməkdaşlığı daha da genişləndirmək niyyətini vurğulamışdır. Bu tanışlıq, iki universitet arasında gələcək əməkdaşlıq perspektivlərinin inkişafına müsbət təsir edəcəkdir.
Nəticə etibarilə, Odlar Yurdu Universitetinin ev sahibliyi ilə keçirilən bu tədbir, iki qardaş ölkə arasında mədəni mübadiləni gücləndirərək, qarşılıqlı dostluq və əməkdaşlıq bağlarını daha da möhkəmləndirmişdir. Gələcəkdə də bu cür təşəbbüslərin davam edilməsi, Azərbaycan və Özbəkistan arasındakı tarixi və mədəni əlaqələrin daha da dərinləşməsinə xidmət edəcəkdir.