OYU-da “COP 29-un Turizm Üfüqləri” mövzusunda praktik konfrans keçirilmişdir

23 Oktyabr, 2024

OYU-da “COP 29-un Turizm Üfüqləri” mövzusunda praktik konfrans keçirilmişdir
23 oktyabr 2024-cü il tarixində Odlar Yurdu Universitetində “COP 29-un Turizm Üfüqləri” mövzusunda praktik konfrans keçirilmişdir. Tədbir, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül qoyulması ilə başlamış və dövlət himninin səsləndirilməsi ilə davam etmişdir.
Konfransda açılış nitqi ilə Milli Məclisin deputatı, millət vəkili, prof. Samir Vəliyev çıxış edərək COP 29-un Azərbaycanın turizm strategiyasına gətirəcəyi yeni perspektivlərdən bəhs etmişdir. O, Azərbaycanın qlobal turizm sektorunda mövqeyini daha da gücləndirəcəyini və ölkənin zəngin turizm potensialının beynəlxalq səviyyədə tanıdılmasında bu cür beynəlxalq tədbirlərin böyük rol oynadığını vurğulamışdır. Həmçinin, o qeyd etmişdir ki, Odlar Yurdu Universiteti bu cür konfransların təşkilində fəal iştirak edərək turizm sahəsinin həm elmi, həm də praktiki inkişafına öz töhfəsini verməkdədir.
Konfrans öz işini panel iclasları ilə davam etdirmişdir. İlk panel "COP 29 ərəfəsində dövlətin turizm strategiyası və assosiativ əməkdaşlıq" mövzusuna həsr olunmuşdur. Panelin moderatoru Ceyhun Aşurov olmuşdur. Panelin spikerləri arasında dövlət turizm agentliyinin nümayəndələri, turizm assosiasiyalarının rəhbərləri və otel menecerləri çıxış etmişdir. Müzakirələr zamanı turizm sektorunda dövlətin həyata keçirdiyi layihələr və turizm assosiasiyalarının bu prosesdəki rolu geniş şəkildə müzakirə olunmuşdur.
İkinci panel isə "Beynəlxalq arenada turizm əlaqələrinin genişlənməsində Azərbaycan modeli" mövzusuna həsr edilmişdir. Bu panelin moderatoru Odlar Yurdu Universitetinin “Beynəlxalq münasibətlər və turizm” kafedrasının müdir müavini Səbinə Əliyeva olmuşdur. Paneldə Azərbaycanın beynəlxalq turizm əlaqələrinin inkişafı üçün gördüyü işlər və tətbiq etdiyi modellər müzakirə edilmişdir.
Konfrans, iştirakçılar üçün təşkil edilmiş kofe fasiləsi ilə yekunlaşmışdır.
Odlar Yurdu Universitetində keçirilmiş bu tədbir, Azərbaycanın turizm sektorunun inkişafı və beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etmişdir. Odlar Yurdu Universiteti, bu cür tədbirlərlə turizm sahəsindəki yenilikləri və strateji əməkdaşlıq imkanlarını geniş ictimaiyyətə çatdırmaqda davam edəcəkdir.