Odlar Yurdu Universitetində 18 oktyabr Müstəqilliyin Bərpası Günü ilə bağlı "Müstəqilliyimiz əbədidir, sarsılmazdır" adlı konfrans keçirilmişdir.
Tədbir, Azərbaycan Respublikasının dövlət himninin ifası ilə başlamışdır. Sonra, müstəqilliyimiz uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə universitetimizin professor-müəllim heyəti və tələbələri iştirak etmişdir.
Müstəqillik yolumuzdan bəhs edən qısa videoçarx təqdim olunmuşdur. Daha sonra tələbələr müstəqilliyin əhəmiyyəti, onun dəyərləri və qorunması barədə fikirlərini bölüşmüşdür: Nuray Bəkirova, Anar Məlikova, Təranə Bəşirova, Mədinə Zahidli, Onur Fəhradov, Məhbubə Məmmədova və İslam Həsənzadə.
Konfrans iştirak edən tələbələrimiz müstəqilliyimizin əhəmiyyətini vurğulayaraq, onun qorunub saxlanılması üçün gərəkli olan vəzifələri müzakirə etmiş, bu dəyərin gələcək nəsillərə necə ötürülməsi və müstəqil Azərbaycanın dünya arenasında mövqeyinin gücləndirilməsi məsələlərinə toxunmuşlar.
Daha sonra konfransda çıxış edən Odlar Yurdu Universiteti Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dosent Qabil Qafarov müstəqilliyin xalqımızın tarixi və mədəniyyəti üçün əvəzsiz dəyər olduğunu vurğulamışdır. O, müstəqilliyin bərpası ilə Azərbaycanın güclü bir dövlətə çevrildiyini qeyd edərək, bu uğurların arxasında millətimizin qəhrəmanlığının dayandığını bildirmişdir.
Dosent Qabil Qafarov, gənclərə müstəqil düşüncə tərzi ilə bu dəyərləri yaşatmağa çağırmışdır. O, müstəqilliyimizin qorunmasının hər birimizin borcu olduğunu, gənc nəsilin bu dəyəri daha da inkişaf etdirəcəyinə inandığını vurğulamışdır.
Beləliklə, Odlar Yurdu Universitetində keçirilən 18 oktyabr Müstəqilliyin Bərpası Günü ilə bağlı konfrans, müstəqilliyimizin əhəmiyyətini vurğulayıb, iştirakçıların birlik və həmrəylik ruhunu artırmışdır. Tədbirdə müzakirə olunan mövzular, gənclərimizin vətənpərvərlik duyğularını inkişaf etdirmək və müstəqil Azərbaycanın gələcəyi üçün gərəkli olan dəyərləri yaşatmaq məqsədini güdmüşdür.
Konfrans, bütün iştirakçıların müstəqillik ruhunu yüksəldərək, gənclərin Azərbaycanın gələcəyini daha parlaq etmək üçün əllərindən gələni edəcəyinə dair bir mesajla başa çatmışdır.