OYU-da "Xarici Dil" klubunun elmi-praktiki seminarı keçirilmişdir

29 Oktyabr, 2024

OYU-da "Xarici Dil" klubunun elmi-praktiki seminarı keçirilmişdir
Odlar Yurdu Universitetində Dillər kafedrası və Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən Xarici Dil Klubunun növbəti elmi-praktiki seminarı uğurla baş tutmuşdur. Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açılmış tədbirin açılışını Odlar Yurdu Universitetinin Tələbə Elmi Cəmiyyətinin sədri Türkan Azəri etmişdir. Bu tədbir, tələbələrin akademik bacarıqlarını inkişaf etdirməyə yönəlmiş məqsədyönlü bir görüş olmuşdur.
Tədbirdə Odlar Yurdu Universitetinin Birləşmiş fakültələr departamentinin müdiri, Fakültə dekanları, Dillər kafedrasının müdiri və tələbələr iştirak etmişlər.
Tədbirdə çıxış edən Dillər kafedrasının müdiri, dos.Səadət Abdurəhmanova seminarın məqsədləri, əhəmiyyəti və tələbələrin inkişafına olan töhfələri barədə fikirlərini bildirmişdir. O, tələbələrin elmi fəaliyyətlərini artırmağın və xarici dillərdə ifadə qabiliyyətlərini inkişaf etdirmənin vacibliyini vurğulamışdır.
Seminar çərçivəsində tələbələrin çıxışları da baş tutmuşdur. Bu çıxışlar, tələbələrin müxtəlif dillərdə ifadə qabiliyyətlərini artırmaq və elmi araşdırma bacarıqlarını inkişaf etdirmək məqsədini daşıyırdı.
Klubun fəaliyyətində xarici dillərdə tezis və məqalələrin yazılması, akademik işlərin hazırlanması və “workshop” formatında təcrübələrin müzakirəsi xüsusi yer tutmuşdur. Bu mövzularla bağlı seminar iştirakçılarına Dillər kafedrasının müəllimi, dos. Günay Əfəndiyeva tərəfindən ətraflı məlumat verilmişdir.
İki il ərzində Dillər kafedrasının nəzdində fəaliyyət göstərən "Xarici Dil" klubu, müxtəlif tədris mərhələlərində tələbələrin elmi və yaradıcı potensialını üzə çıxarmaq və inkişaf etdirmək üçün davamlı tədbirlər təşkil etmişdir. Bu seminarda da tələbələr arasında həmrəyliyi gücləndirmək, bilik və təcrübə mübadiləsi aparmaq məqsədilə müzakirələr və fikir mübadilələri keçirilmişdir.
Tədbirin sonunda, ötən il keçirilən elmi-praktiki seminarları xatırlatmaq üçün videoçarx nümayiş etdirilmiş və seminarın təşkilində fərqlənən tələbələrə sertifikatlar təqdim olunmuşdur.
Odlar Yurdu Universitetində elmi və akademik mühitin gücləndirilməsinə yönəlmiş bu cür tədbirlərin davamlı olaraq keçirilməsi, tələbələrin gələcək uğurlarına və peşəkar inkişaflarına dəyərli töhfə verməkdədir.