Odlar Yurdu Universitetində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş genişmiqyaslı tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açılmış, daha sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Tədbirin proqramına daxil olan “İstedad sorağında” müsabiqəsinin qalibləri “O kənd bizim kəndimizdir” adlı kompozisiya ilə çıxış etmiş, auditoriyaya yüksək vətənpərvərlik ruhu bəxş etmişlər. Eyni zamanda, tədbirdə Zəfər Gününə həsr olunmuş 12 nominasiya üzrə keçirilən müsabiqələrin qaliblərinin təltif mərasimi baş tutmuşdur. Tədbirdə həmçinin, Odlar Yurdu Universitetinin gənclərinin bilik və intellektual qabiliyyətlərini nümayiş etdirən bilik yarışının 3 qalib komandası mükafatlandırılmışdır.
Təltifləri Odlar Yurdu Universitetinin rektoru, prof. Əhməd Vəliyev təqdim etmişdir.
Təltif mərasimindən sonra cənab rektor prof. Əhməd Vəliyev çıxış edərək 8 Noyabr - Zəfər Gününün Azərbaycan xalqı üçün böyük əhəmiyyətini vurğulamışdır. O, Vətən müharibəsində qazanılan tarixi qələbənin Azərbaycan xalqının birlik və vətənpərvərlik ruhunun təntənəsi olduğunu qeyd etmiş, bu möhtəşəm zəfərin əldə edilməsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyinin, Azərbaycan əsgərinin və şəhidlərimizin fədakarlığının əvəzsiz rol oynadığını bildirmişdir. Rektor, həmçinin, Ümumilli Lider Heydər Əliyevin siyasi irsini layiqincə davam etdirən Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının vətənpərvərlik və birlik ruhunun daha da möhkəmləndiyini, bu qələbənin məhz həmin ruhun təntənəsi olduğunu vurğulamışdır.
Tədbirin davamında 2024-cü ildə keçirilmiş Milli Məclisin növbədənkənar seçkilərinin təbliğat kampaniyasında könüllü iştirak etmiş tələbələrə Odlar Yurdu Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dos. Qabil Qafarov tərəfindən sertifikatlar təqdim olunmuşdur.
Tədbirdə həmçinin, Zəfər Gününə həsr olunmuş tələbələrin çıxışları çərçivəsində vətənpərvərlik mövzusunda ifalar və rəqslər yer almış, iştirakçılara yüksək əhval-ruhiyyə aşılanmışdır. Tələbələr öz növbəsində Zəfər Gününün əhəmiyyətini ifadə edən sənət nümunələri ilə auditoriyanı fəth edərək, bu möhtəşəm günü öz ifaları ilə daha da yaddaqalan etmişlər.
Odlar Yurdu Universiteti, Zəfər Günü tədbiri ilə gənclərin vətənpərvərlik ruhunu gücləndirərək, Azərbaycanın tarixi qələbəsini əbədiləşdirməyə xidmət etmişdir. Bu tədbir, universitetin tələbələrində milli birlik və vətən sevgisini aşılayaraq, gələcək nəsillərin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə töhfə verməsini təmin etməyə yönəlmişdir. Odlar Yurdu Universiteti, bu cür tədbirlərlə gəncləri vətənə bağlılıq ruhunda yetişdirir.