Odlar Yurdu Universitetinin Psixologiya, pedaqogika və sosial fənlər kafedrasının təşkilatçılığı ilə Humanitar, təhsil və dillər fakültəsinin 3-cü kurs tələbələri ilə birgə “Gənclərdə vətənpərvərlik hissinin formalaşdırılması” mövzusunda Zəfər Gününə həsr olunmuş açıq dərs keçirilmişdir.
Bu dərs, gənc nəsildə vətənə sevgi, milli dəyərlərə bağlılıq və tariximizin unudulmaz irsini gələcək nəsillərə ötürmək məqsədilə təşkil olunmuşdur.
Odlar Yurdu Universitetinin müəllimi Ülviyyə Nəsibovanın təşəbbüsü ilə keçirilmiş bu açıq dərs şəhidlərin xatirəsinə bir dəqiqəlik sükutla başlanmışdır. Tələbələr dərs zamanı vətənpərvərlik mövzusunda şeirlər səsləndirmiş, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi qələbə, ordumuzun rəşadəti və qəhrəman şəhidlərimizin şücaəti haqqında dərin məzmunlu çıxışlar etmişlər. Təqdimatlar vasitəsilə Azərbaycanın keçdiyi çətin yollar, milli birlik və həmrəylik ruhu, eyni zamanda xalqımızın qəhrəmanlıq tarixi tələbələrin diqqətinə çatdırılmışdır.
Dərsdə Odlar Yurdu Universitetinin professor-müəllim heyəti də iştirak etmişdir. Onlar bu açıq dərsin əhəmiyyətini vurğulayaraq tələbələrdə vətənə bağlılıq hisslərinin güclənməsində böyük rol oynadığını bildirmiş və dərsin təşkilini yüksək qiymətləndirmişlər. Professor-müəllim heyəti çıxışlarında belə tədbirlərin tələbələr arasında milli şüur, vətənpərvərlik və dəyərlərə hörmət kimi vacib hisslərin inkişafına mühüm təsir etdiyini qeyd etmişdir.
Odlar Yurdu Universitetində keçirilmiş bu açıq dərs, Zəfər Gününün əhəmiyyətini bir daha ön plana çəkərək, tələbələrdə milli dəyərlərə bağlılıq və vətən sevgisinin dərinləşməsinə töhfə vermişdir. Bu cür tədbirlərin gənc nəslin milli ruhda yetişməsində müstəsna əhəmiyyət kəsb etdiyi bir daha təsdiqlənmişdir.