Odlar Yurdu Universiteti COP29 sammitinin uğurla başa çatmasını xüsusi bir görüşlə qeyd etmişdir. Sammitdə fəal iştirak edən əməkdaşlar və universitet kollektivinin iştirakı ilə keçirilən görüşdə, bu qlobal tədbirin əhəmiyyəti və nəticələri geniş müzakirə olunmuşdur.
Tədbiri giriş sözü ilə açan Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev, COP29-un Azərbaycanın beynəlxalq nüfuzunun daha da güclənməsinə mühüm töhfə verdiyini qeyd etmişdir. O, bu sammitin təkcə iqlim problemlərinin həlli üçün deyil, həm də qlobal həmrəylik və əməkdaşlığın inkişafı üçün önəmli bir platforma olduğunu vurğulamışdır.
Cənab rektor öz çıxışında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin uzaqgörən liderliyini xüsusi qeyd edərək, onun təşəbbüslərinin və strateji baxışlarının Azərbaycanın iqlim dəyişikliyi sahəsində nümunəvi bir dövlətə çevrilməsində əsas rol oynadığını bildirmişdir. Professor Əhməd Vəliyev Prezidentin sammitdə səsləndirdiyi fikirlərin və innovativ yanaşmaların dünya miqyasında yüksək dəyərləndirildiyini diqqətə çatdırmışdır.
O, həmçinin vurğulamışdır ki, COP29-un uğurla keçirilməsi Azərbaycanın təşkilatçılıq bacarığının parlaq nümunəsidir. Bu uğur, Prezident İlham Əliyevin strateji və sistemli siyasətinin bir nəticəsi olaraq, ölkəmizin ekoloji siyasətində yeni bir mərhələnin əsasını qoymuşdur. Sammitin nəticələrinin Azərbaycanın qlobal ekoloji layihələrdə daha fəal iştirakı üçün mühüm imkanlar yaradacağına əminlik ifadə edilmişdir.
Tədbirin yekununda Odlar Yurdu Universiteti adından Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə ünvanlanmış təbrik məktubu oxunmuşdur. Məktubda sammitin yüksək səviyyədə təşkilinə və uğurla başa çatmasına görə təşəkkür ifadə olunmuş, Prezidentin qlobal iqlim təşəbbüslərindəki lider mövqeyi yüksək qiymətləndirilmişdir. Universitet kollektivi, ölkəmizin bu sahədə əldə etdiyi nailiyyətlərin davamlı olacağına inandığını və Odlar Yurdu Universitetinin də bu uğurlu prosesə öz töhfəsini verməyə hazır olduğunu bəyan etmişdir.
Bu tədbir, Odlar Yurdu Universitetinin qlobal iqlim problemlərinə və Azərbaycanın beynəlxalq arenadakı uğurlarına dəstək olaraq göstərdiyi diqqət və məsuliyyətin növbəti təzahürü kimi yadda qalmışdır.